Göygöldə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü qeyd edildi
Göygöl rayonunda 9 may 2015-ci il tarixdə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibəti ilə “1941-1945 – Xatirə kompleksi”nin qarşısında geniş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Aparatı, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, ağsaqqallar, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov veteranları təbrik edərək, Böyük Vətən Müharibəsində qələbənin heç də asanlıqla əldə edilmədiyini, bu müharibədə Azərbaycandan 600 mindən çox şəxs iştirak etdiyini qeyd etdi. Qələbənin əldə olunmasında Azərbaycan neftinin həlledici rolu olduğunu, həmin dövrlərdə SSRİ-də istehsal olunan neftin 71,4%-nin Azərbaycanın payına düşdüyünu diqqətə çatdırdı. Eyni zamanda cənab Başçı qeyd etdi ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqının xidmətlərinin qiymətləndirilməsində Ümummilli liderimiz Heydər Əliyevin əməyi böyük olmuşdur. Bu diqqət və qayğı bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə, qələbədə əməyi olan şəxslərə birdəfəlik maddi yardım göstərilməsi onlara dövlət qayğısının bariz nümunəsidir.
Göygöl rayon BVM-si veteranları da Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 02 fevral 2015-ci il tarixli Sərəncamı ilə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif olunmuşlar. İcra Başçısı tərəfindən veteranların medalları təqdim olundu.
Tədbirdə çıxış edən digər şəxslər də BVM-si veteranlarını təbrik edərək, onlara xoş arzularını çatdırdılar.
Tədbir Göygöl rayon Mədəniyyət mərkəzinin təşkil etdiyi bayram konserti ilə sona çatdı.