Göygöl rayonunda 2015-ci ilin birinci rübünün yekunları uğurlu olmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanındakı Şuranın iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etdi ki, ölkədə cari ilin 3 ayı ərzində ümumdaxili məhsul 5 faizdən çox, qeyri-neft sektoru isə 7 faiz artmışdır, inflyasiya cəmi 2,8 faiz olmuş, əhalinin pul gəlirləri təxminən 5,3 faiz artmış, kənd təsərrüfatında 3 faizdən çox artım olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar cari ilin 3 ayı ərzində ölkəmizdə 30 min yeni iş yeri açılmışdır ki, onun 25 mini daimidir. Hazırda işsizlik və yoxsulluğun səviyyəsi 5 faiz təşkil edir. Hazırda ölkəmizdə çox böyük sahibkarlıq sinfi yaradılmışdır. ÜDM 80 faizdən çoxu özəl sektorda formalaşır. Ölkəmizdə bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə həyata keçirilir. Dövlət İnvestisiya Proqramı uğurla icra edilir. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi davam etdirilir. Ölkəmizdə aparılan islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, gənc bir dövlət üçün çox böyük nailiyyətdir. Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır. Azərbaycan dünya birliyinin etibarlı dəyərli üzvüdür. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır.
2015-ci ilin birinci rübü Göygöl rayonu üçün də uğurlu olmuşdur. Belə ki, rayonda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 31094,9 min manat, ondan 17953,9 min manatı (57,7 %) istehsal sahələrini, 13141,0 min manatı (42,3 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 501,1 manat dəyərində məhsul istehsal edilmişdir.
2015-ci ilin birinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə 743,2 min manat çox olmaqla 7606,7 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 %-i qeyri-dövlət sektorunun payına düşür.
Rayonda iribuynuzlu mal-qaranın sayı 20420 başa, xırdabuynuzlu mal-qaranın sayı 169786 başa çatmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 208,9 ton, ət istehsalı 2,1 ton, yumurta istehsalı 8,9 min ədəd artmışdır.
Rayonda hazırda fəaliyyət göstərən 20 sənaye müəssisələri tərəfindən bütövlükdə 3 milyon 393,1 min manat dəyərində sənaye məhsulu istehsal edilmiş, Sənaye məhsulunun həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 31,6 % olmuşdur.
Ticarətin bütün növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 4 milyon 243,9 min manat artaraq 36 milyon 780,0 min manata çatmış, əmtəə dövriyyəsində ərzaq mallarının xüsusi çəkisi 54,3 %, qeyri ərzaq mallarının xüsusi çəkisi isə 45,7 % təşkil etmişdir.
Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 505-ə çatmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 29 sahibkara 402,8 min manat dəyərində güzəştli kredit verilmişdir.
Rayon ərazisində 2015-ci ilin birinci rübündə müxtəlif nazirliklər, komitələr, agentliklər və əhali tərəfindən 7 milyon 182,2 min manat əsas kapitala investisiya qoyulmuş, bunun da 6 milyon 954,1 min manatı tikinti quraşdırma işlərinə yönəldilmişdir.
Cari ilin 3 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 932,0 min manat proqnoza qarşı 1 milyon 139,0 min manat və ya 122,2 %, büdcənin xərcləri isə 3 milyon 860,1 min manat proqnoza qarşı 3 milyon 264,6 min manat və ya 84,5 % icra edilmişdir.
Əhalinin elektrik enerjisi təminatını və qaz təchizatını yaxşılaşdırmaq məqsədilə elektrik təsərrüfatında 45,0 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılmış, 46 ədəd müxtəlif güc transformatorları, 11,5 km elektrik veriliş xətti təmir edilmiş, qəza vəziyyətində olan elektrik dayaqları yenisi ilə əvəz olunmuşdur. Əhali üzrə istehlak olunan elektrik enerjisinin həcmi 6 milyon 931,5 min kvt saat təşkil etmiş, ödəniş 95,0 % yerinə yetirilmişdir.
Rayonun şəhər, qəsəbə və kəndlərində yeni salınmış yaşayış massivində 66 təsərrüfatı təbii qazla təmin etmək üçün 386 p/m uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilmiş, istismarda olan müxtəlif diametrli qaz xətlərinin korroziyaya uğrayan 646 p/m hissəsində təmir-bərpa işləri görülmüşdür.
Əhali üzrə istehlak olunan qazın həcmi 9 milyon 788,3 min kub metr təşkil etmiş, ödəniş 96,6 % yerinə yetirilmişdir. İstehlak olunan suyun həcmi 1 milyon 298,7 min kub metr təşkil etmiş, ödəniş 97,5 % yerinə yetirilmişdir.
Rayon üzrə 45 yaşayış məntəqəsindən 36-da əhali və təşkilatlara genişzolaqlı sürətli internet xidməti göstərilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən rayon əhalisi ümumi profilaktik müayinələrə cəlb edilərək 30786 nəfər, tibbi müayinədən keçirilmiş, onlardan 3887 nəfər ambulator, 184 nəfər stasionar müalicəyə cəlb olunmuş, 19 nəfər daha ixtisaslı tibbi yardım almaq üçün Bakı şəhərinə göndərmişdir.
Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafını əyani şəkildə öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən məktəblərin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” şüarı altında keçirilən tur-aksiyaları davam etdirilmiş, 2015-ci ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının məktəblərinin şagirdləri Göygöl şəhərinə gəlmiş, Göygöl rayon məktəblərinin IX-XI-sinif şagirdlərinin isə Naxçıvan Muxtar Respublikasına getməsi təşkil olunmuşdur.
Əhali arasında idmanın kütləviliyini artırılmasına diqqət artırılmış, 3 klub, müxtəlif idman növü üzrə 292 bölmə təsis edilmiş, 2951 gənc idmana cəlb olunmuşdur. Yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində 9 idman növü üzrə 12 bölmə təşkil olunmuş, 101 gənc məşqlərə cəlb edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq rayonda gənclərin həqiqi hərbi xidmətə çağırılması mütəşəkkil təşkil olunmuş, çağırış tapşırıqları vaxtında yerinə yetirilmiş, çağırışdan yayınma halları olmamışdır.
2015-ci ilin birinci rübü ərzində Rayon İcra Hakimiyyətində vətəndaşların qəbul edilməsinə, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirilmiş, müraciətlər hərtərəfli araşdırılaraq haqlı tələblər öz həllini tapmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.