Göygöl Şərab Zavodu
Göygöl şəhərində yerləşən və 160 illik tarixə malik olan “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan “Göygöl Şərab Zavodu” ASC-nin təməli 1860-cı ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur.
1862-ci ildə «Forer Qardaşları» Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Həmin cəmiyyətə ata Xristofer Forer və onun oğulları Qotlob, Fridrix və Henrix rəhbərlik edirdilər. Elə həmin vaxt «Hummel Qardaşları Ticarət Evi» Səhmdar Cəmiyyəti yaradıldı ki, buna da X.Hummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər. Hər iki cəmiyyətın idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış «Konkordiya» kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi.
Müəssisədə “Kaqor”, “Köhnə portveyn”, “Ağ süfrə şərabı”, ”Qırmızı süfrə şərabı”, “Xeres şərabları”, “Qaranquş”, ”Ekstra” konyakları, likyorlar və şampan şərabları istehsal olunurdu. Həmin vaxt Azərbaycanda istehsal olunan şərab məhsullarının böyük hissəsi “Göygöl Şərab Zavodu” ASC-nin payına düşürdü, həmçinin Rusiya imperiyasında yalnız dörd müəssisə klassik fransız texnologiyasından istifadə edərək şampan istehsal edib, “Göygöl Şərab Zavodu” ASC onlardan biridir. Bunun üçün üzümün müəyyən növlərindən alınan şərablar tələb olunurdu: Aligote, Serceal, Veredello, Pinot grisi, Pinot ağ. Bir faktı göstərmək kifayətdir ki, 1924-1925-ci illər ərzində «Konkordiya» cəmiyyəti 1.350.397 vedrə şərab istehsal etmişdi. 1926-ci ilin statistikasına əsasən Azərbaycanda yığılan üzümün 48%-i “Göygöl Şərab Zavodu” ASC-də emal edilmişdir. Bu dövrdə müəssisənin 13 şərab zirzəmisində 670 min vedrə şərab saxlanılırdı. Həmin illərdə şərabla yanaşı konyak istehsalı sahələri də yaradılmışdı. Müəssisədə istehsal edilən “Gəncə”, “Bakı”, “Yubiley”, “Azərbaycan”, “Moskva” və “Şirvan” konyakları beynəlxalq müsabiqələrdə 16 qızıl, 11 gümüş və 1 bürünc medal qazanmışdır, həmçinin seçmə şampan və şərablar müsabiqələrdə 1 qızıl, 6 gümüş və 1 bürünc medala layiq görülmüşdür. XIX əsrin sonlarında müəssisədə istehsal edilən şərabların Almaniyaya və Hollandiyaya ixracı başlamış və müəssisə Azərbaycandan Avropaya şərab ixrac edən ilk şirkət kimi tarixə düşmüşdür.
Sovet İttifaqı dövründə “Konkordiya” adı ilə fəaliyyət göstərən müəssisəyə ölkə ərazisində 183 mağaza məxsus idi. XX əsrin 80-ci illərində müəssisə istehsal edilən konyak və şərabın həcminə görə Sovet İttifaqında üçüncü yeri tuturdu. Bu illər ərzində istehsal olunan məhsullarımız Avropanın müxtəlif ölkələrində keçirilən mötəbər müsabiqələrin qalibi olmuşdur.
Sovet iqtisadi sistemində “Xanlar Aqrosənaye” kombinatı adı altında bu zavod şərab va konyak məhsulları istehsalında ixtisaslaşaraq öz məhsullarını bütün Sovet Respublikalarına göndərirdi. Müəssisənin istehsal etdiyi konyak və konyak spirti ümumittifaq istehsalının 7%-i təşkil edirdi. 1968-ci ildən 1982-ci illərə qədər, Tbilisi, Budapeşt, Lyublyana, Yalta kimi şəhərlərdə “Göygöl Şərab Zavodu” ASC-nin üç konyakı: “Bakı”, “Azərbaycan” və “Göygöl” qızıl medala layiq görülmüşdür. 1984-cü ildə zavodun balansında orta məhsuldarlığı 286 sentner/ha təşkil edən 1500 hektar üzüm sahəsi var idi. Həmin il ümumi məhsulun dəyəri 84.017.000 sovet rubluna bərabər idi. 1985-ci ildə qəbul olunmuş «Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbiri haqda» qərardan sonra və təsərrüfatsızlıq nəticəsində zavod xarabalığa çevrilmişdi.
Hazırda müxtəlif növ spirtli içki istehsal edən «Göygöl Şərab Zavodu» ASC öz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur - müəssisəmizdə yüksək keyfiyyətli konyak və şərab məhsulları, araq, klassik üsulla hazırlanan kolleksiyon şampan istehsal edilməkdədir.
İndi şirkət özündə klassik texnologiyanı və ən yeni texniki nailiyyətləri birləşdirən müasir şərabçılıq müəssisəsidir. Hazırda bütün istehsal binaları, sexlər və köməkçi sahələr yenidən qurulmuş və təmir olunmuşdur, bütün avadanlıqlar va texnoloji xətlər yenilənmiş və müasirləri ilə əvəz olunmuşdur. Bu məqsədlə şərabçılıq sənayesi üçün avadanlıqlar istesalında aparıcı şirkət olan İtaliyanın tanınmış «TECNOFOOD GROUP» SRL şirkəti ilə müqavilələr bağlanmışdır.
«Göygöl Şərab Zavodu» ASC-nin 2006-2008-ci illərdə əkilmiş, yüksək keyfiyyətli yerli və Avropa üzüm növlərinin becərildiyi 517 hektar üzüm sahəsi var. Əkilmiş üzüm tinkləri yerli şəraitə uyğunlaşdırılmış, Avropanın tanınmış şirkətləri olan Fransanın «GONTARD FRERESEPINIERES VITICLES» və İtaliyanın «VIVAI MARCYI» şirkətlərindən alınmışdır. Hazırda zavodun Göygöl va Samux bölgələrində yerləşən üzümlüklərində Chardonnay, Merlo, Kaberne-Soviniyon, Sapervi, Mədrəsə, Şiraz, Şardone, Soviniyon blan, Rkasiteli, Qrenaş, Muskat, Bayanşirə, üzüm sortları yetişdirilir. Yaxın gələcəkdə üzüm bağlarının sahəsinin 1500 hektara çatdırılması nəzərdə tutulur.
Zavodda bir texnoloji qurğu kimi, Qafqazda analoqu olmayan, 18-ci əsrin ortalarında tikilmiş, dərinliyi 15 metr, uzunluğu 800 metr, ümumi sahəsi isə 6000 kvadrat metr olan şərab zirzəmisi fəaliyyət göstərir. Burada klassik üsulla hazırlanmış kolleksion şampanlar, madera və yüksək keyfiyyətli süfrə şərabları saxlanır.
Hazırda istehsal olunan məhsullar daxili bazarda iri supermarketlərdə, mehmanxana və restoranlarda satılıtr, eləcə də müxtəlif ölkələrə ixrac olunur. Şirkətimizin əsas ixracat istiqamətləri Rusiya, Belarus və Çinin aparıcı şirkətləridir. Başqa ölkələrlə də yeni əlaqələrin yaradılması və genişləndirilməsi istiqamətində iş aparılır.
Zavodunun məhsulları dəfələrlə beynəlxalq müsabiqələrdə, mühüm beynəlxalq alkoqol və qida məhsulları sərgilərində yüksək mükafatlara layiq görülmüşdür. Belə ki, “Göygöl Şərab Zavodu” ASC 2006-cı il Mart ayının 26-da Moskvada «Prezident» otelində «Beynəlxalq Konyektur Araşdırmaları Mərkəzi» tərəfindən keçirilən Üçüncü Beynəlxalq Keyfiyyət Assambleyasında «Qızıl Keyfiyyət Sertifikatı» ilə təltif edilmişdir. Assambleyada «Beynəlxalq Keyfiyyət Bəyannaməsi» imzalanmışdır. 2010-cu ilin fevral ayının 8-12 tarixlərində Moskvada Avrasiyanın ən böyük qida sənayesi sərgisi - «Prodekspo 2010» keçirilmiş və bu sərgi çərçivəsində keçirilən ixtisaslaşdırılmış şərab Dequstasiya Müsabiqəsinə, “Göygöl Şərab Zavodu” ASC istehsala hazırladığı, «Xan» brendi və «Qafqaz Buketi» nişanı altında, 10 adda şərab nümunəsi göndərmişdir. Onlardan 6-sı müsabiqənin medallarına layiq görülmüş: “Kaberne-Sovinyon” və “Kaqor”-qızıl; “Şiraz“ və “Şardone»- gümuş; “Madrasa” və “Madera” isə bürünc medala. Bundan başqa “Uni-Blank”, “Saperavi”, “Merlo” və “Çinar” şərabları, müsabiqənin Fəxri Diplomu ilə təltif olunmuşlar.
5 may 2010-cu il tarixində, Moskvanın əfsanəvi Yar restoranında, “İlin Ən Yaxşı arağı – 2010” / “Best Vodka 2010”, Beynəlxalq Müsabiqənin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilmişdir. “Göygöl Şərab Zavodu” ASC bu müsabiqəyə “Xan” brendi altında istehsal etdiyi araqlardan üç adda nümunə göndərmişdir. Azərbaycanın araq istehsalı tarixində ilk dəfə olaraq, Respublikada istehsal olunan araq məhsulları, Rusiyanın ən yüksək səviyəli Beynəlxalq araq dequstasiyası olan “İlin ən yaxşı arağı-2010” / “Best Vodka 2010” müsabiqəsində üç medala layiq görülmüşdür: Seqment Premial / Premium: «Xan» «Premium» – qızıl. Seqment Ortaqiymətli / Standart: «Xan» «Exsport» – gümüş. Seqment Superpremial / Super Premium: «Xan» «VİP» – bürünc.
8-20 noyabr 2010-cu il tarixlərində “Göygöl Şərab Zavodu” ASC Moskvanın «Krokus» sərgi mərkəzində keçrilən «Beverages Industry 2010/ Russian Wine Fair» şərab sərgisində iştirak etmişdi. «Asti Qrupp» Sərgi şirkətinin təşkil etdiyi bu forumda MDB və Avropa dövlətlərini təmsil edən 90-a yaxın şirkətlər iştirak etmişdir. “Göygöl Şərab Zavodu” ASC sərgidə, istesal etdiyi 13 adda şərab, araq və konyakları nümayiş etdirmişdir: «Xan Mədrəsə», «Xan Axsu» süfrə şərabları, «Xan Madera», «Kaqor» və «Xan Kürdəmir» şərabları sərgi iştirakşılarının və qonaqların xüsusi marağına səbəb olmuşdu. Sərginin təşkilat komitəsinin qərarı ilə «Göygöl Şərab Zavodu» ASC birinci dərəcəli Diplomala təltif edilmiş, «Axsu» qırmızı kəmşirin süfrə şərabı isə Qızıl Medala layiq görülmüşdü.
Bu gün “Göygöl Şərab Zavodu” ASC-nin istehsal etdiyi məhsullar qədim tarix, böyük ənənə, klassik reseptura və müasir texnologiyaların vəhdətindən yaranan yüksək keyfiyyətə malikdir.
https://g.page/goygolwinery?share