Şriftin ölçüsü :

Saytın rəngi :

İnstitutla tanışlıq

30 January 2026 | 16:57

          Rayon İcra Hakimiyyətinin başçısı V.Novruzov Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunda mövcud infrastruktur və təsərrüfat sahələrinin işi ilə yaxından tanış olub. İnstitutun rəhbəri Mahir Hacıyev tərəfindən müəssisənin strateji fəaliyyəti, elmi-tədqiqat istiqamətləri, ölkənin kənd təsərrüfatı sektoruna verilən töhfələr və qarşıdakı hədəflər barədə ətraflı məlumat verilərək maldarlıq, qoyunçuluq, quşçuluq, dovşançılıq təsərrüfatında aparılan seleksiya və yetişdirmə işlərinə baxış keçirilib. Burada tətbiq edilən müasir uçot sistemi vasitəsilə heyvanların şəcərə məlumatlarının (pedigree) dəqiqliklə izlənilməsi, qoçların və digər damazlıq heyvanların doğum tarixlərinin elmi normalara uyğun nizamlanması prosesi barədə məlumat təqdim edilib. Həmçinin İnstitutun fəaliyyətinin əsas sütunlarından biri olan innovasiyaların tətbiqi sahəsində görülən işlər diqqətə çatdırılıb.

          Səfər zamanı 100 başlıq müasir Heyvandarlıq Kompleksi də ziyarət olunub. Burada heyvanların saxlanma şəraiti, rəqəmsal yemləmə sistemi və məhsuldarlığın artırılmasına yönəlmiş elmi tədbirlər barədə detallı izahat verilib, Cənubi Koreya şirkətləri ilə birgə həyata keçirilən “Smart Farm” (Ağıllı Ferma) layihəsi ilə bağlı görülən işlərdən danışılıb. İnstitutun “Tut ipəkqurdunun seleksiyası” laboratoriyası və ipəkqurdu yetişdirmə məntəqəsində yetişdirilməsi prosesi və bu sahədə əldə olunan elmi nəticələr müzakirə edilib.

          Habelə görüş zamanı İnstitut tərəfindən son dövrlərdə  4 patent, 12 dövlət standartı hazırlandığı, yeni cins, hibrid, mələz, xətt və krosslar alındığı bildirilərək,  burada fermerlərə məsləhət xidməti fəaliyyət göstərdiyi,  160-dan çox təlim, 73 elmi praktiki konfrans, 30-a yaxın kurs və treninqlər keçirildiyi diqqətə çatdırılıb.

Links