Göygöl Rayon İcra Hakimiyyətinin başçısı ANAMA-nın Regional Təlim Mərkəzində yaradılan şəraitlə tanış olub
18 June 2025 | 19:00
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzinə səfər edib. Səfər çərçivəsində təlim mərkəzində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olunub.
Bildirilib ki, mərkəz 2002-ci ildən fəaliyyət göstərir və 2025-ci ildən etibarən əsaslı şəkildə yenidən qurularaq müasir infrastrukturla təchiz edilib. Hazırda təlim mərkəzində eyni vaxtda 100 müdavim üçün təlim keçmək imkanı mövcuddur. Burada 3 sinif otağı, yataqxana, yeməkxana və digər yardımçı binalar fəaliyyət göstərir.
Təlim mərkəzində humanitar minatəmizləmə və döyüş sahələrinin təmizlənməsi sahəsində nəzəri və praktiki biliklər aşılanır. Müdavimlərə sahənin işarələnməsi, mina və partlamamış hərbi sursatların tanınması, əməliyyatlarda istifadə olunan cihaz və əl alətləri ilə işləmə qaydaları, təhlükəsizlik və təxliyyə tədbirləri, eləcə də ilkin tibbi yardım vərdişləri öyrədilir.
Qeyd olunub ki, mərkəzdə həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq standartlara uyğun ixtisasartırma təlimləri həyata keçirilir. Bu təlimləri uğurla başa vuran müdavimlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında iştirak edərək təhlükəsizliyin təmin olunmasına töhfə verirlər.
Göygöl Regional Təlim Mərkəzi müasir şəraitdə fəaliyyətini davam etdirərək, ölkənin minatəmizləmə potensialının artırılmasında mühüm rol oynayır.




