Göygöl Rayon İcra Hakimiyyətində DİM tərəfindən dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi mövzularında növbəti təlimlər keçirilmişdir
12 September 2025 | 18:05
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində nəzərdə tutulmuş qrafik üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun təkmilləşdirilməsi və dövlət qulluqçularının peşəkar inkişafına dəstək məqsədilə Göygöl rayonunda növbəti təlimlər təşkil olunmuşdur. Təlimlər dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr, dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər həmçinin dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi mövzularına həsr olunmuşdur.
Təlimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Göygöl şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələrinin, həmçinin Göygöl rayonunda yerləşən digər idarə, müəssisə və təşkilatların nümayəndələri, dövlət qulluqçuları iştirak etmişdir.
Təlim zamanı iştirakçılara dövlət qulluğu sistemində vəzifə kateqoriyalarının müəyyən olunması, kadr ehtiyatı bazasının yaradılması, ehtiyat kadrların seçilməsi meyarları, onların inkişaf etdirilməsi strategiyaları və insan resurslarının idarə olunmasında innovativ metodlar haqqında geniş məlumat verilib. Həmçinin mövzuya dair praktik nümunələr əsasında müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub.
Qeyd edək ki, bu cür təlimlər dövlət qulluqçularının ixtisas səviyyəsinin artırılması, onların funksional və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. DİM-in təşəbbüsü ilə müxtəlif bölgələrdə keçirilən bu təlimlər ölkə üzrə vahid və effektiv dövlət qulluğu sisteminin formalaşdırılmasına töhfə verir.




