Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü qeyd olundu

21 noyabr 2025 | 19:42
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 33 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri, rəsmi qonaqlar, ictimaiyyət nümayəndələri və partiya üzvləri iştirak ediblər.
Konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Partiyanın 33 illiyinə həsr olunmuş videoçarx təqdim olunub.
Açılış nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı YAP-ın ölkənin siyasi həyatında mühüm rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, YAP ölkənin inkişaf strategiyasının aparıcı siyasi qüvvəsi olaraq dövlətçilik ənənələrinə sədaqətlə xidmət edir.
Daha sonra çıxış edən YAP rayon təşkilatının sədri partiyanın keçdiyi inkişaf yolundan, təşkilatın rayon üzrə fəaliyyət istiqamətlərindən və sosial-siyasi layihələrdən söz açıb. O, partiya üzvlərinin dövlət və cəmiyyət həyatında fəal rol oynadıqlarını vurğulayaraq, yubiley münasibətilə bütün partiya üzvlərini təbrik edib.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatın əməkdaşı A.Salmanov, YAP İdarə Heyətinin üzvü B.Aslanov YAP-ın dövlət quruculuğunda, ölkədə sabitlik və inkişafın təmin edilməsində müstəsna xidmətlərini qeyd edərək, partiyanın gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıblar.
Sonda YAP-ın fəal üzvlərinə təşkilatın ictimai-siyasi fəaliyyətindəki xidmətlərinə görə fəxri fərmanlar və təşəkkürnamələr, Partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilmişdir. Konfrans YAP-nın himninin səsləndirilməsi ilə bağlı elan edilmişdir.
Keçidlər