Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 34 illiyi qeyd olunub

20 noyabr 2026 | 12:25
     “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş “Güclü dövlət və milli maraqlar naminə 34 il” adlı konfrans keçirilib.
      Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Konfransda müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
      Giriş nitqi ilə çıxış edən RİH başçısı Vüqar Novruzov Yeni Azərbaycan Partiyasının yaranmasının ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisə olduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ötən 34 il ərzində böyük inkişaf yolu keçərək güclü siyasi təşkilata çevrilib, bu gün Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına mühüm töhfələr verir.
       Sonra Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolu, qazandığı uğurları və ölkəmizin inkişafında rolunu əks etdirən videoçarx nümayiş etdirilib.
YAP rayon təşkilatının sədri Vüqar İsayev məruzə ilə çıxış edərək partiyanın yaranma zərurəti, formalaşma tarixi, ideoloji prinsipləri və müasir Azərbaycanın siyasi həyatındakı rolu barədə ətraflı məlumat verib.
       Digər natiqlər də çıxışlarında Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin mühüm mərhələlərinə toxunaraq partiyanın ölkəmizin tərəqqisindəki xidmətlərini diqqətə çatdırıblar.
       Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fərqlənən bir sıra partiya veteranı və fəalı Fəxri Fərmanlarla təltif olunub, Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
       Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Keçidlər