Su təminatının yaxşılaşdırılması ilə bağlı görüş keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə rayonun içməli və suvarma suyunun təşkili məqsədilə həyata keçirilən monitorinq tədbirləri müzakirə olunub. Bildirilib ki, monitorinq çərçivəsində mövcud su ehtiyatlarının vəziyyəti qiymətləndirilir, əhalinin içməli su ilə təminat səviyyəsi araşdırılır, kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təmin olunma imkanları öyrənilir. Bununla yanaşı, subartezian quyularına, su mənbələrinə, paylayıcı xətlərə və digər hidromeliorativ qurğulara yerində baxış keçirilir, onların texniki vəziyyəti öyrənilir, su ehtiyatlarından istifadənin mövcud durumu təhlil olunur və perspektiv inkişaf imkanları üzrə ilkin rəy və təkliflər formalaşdırılır. Eyni zamanda, gələcək mərhələdə içməli su təchizatı və suvarma sistemlərinin layihələndirilməsi, bu sahədə zəruri tikinti və yenidənqurma işlərinin planlaşdırılması üçün ilkin məlumatlar toplanır. Hazırda rayon ərazisində monitorinq tədbirlərinin icrası davam etdirilir.












