Silahlı Qüvvələr Günü qeyd edilib
26 iyun 2026 | 11:03
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Göygöl Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə "Müzəffər Ordumuz suverenliyimizin qarantıdır" mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun idarə və müəssisələrinin əməkdaşları, ictimai təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, müəllimlər və gənclər iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər milli ordu quruculuğunun təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını, məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda hərbi kadrların hazırlanması istiqamətində ciddi və məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd ediblər. Vurğulanıb ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlar, müasir silah və texnikaların alınması, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü əhəmiyyətli dərəcədə artırıb. Çıxış edənlər böyük qürur hissi ilə bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfər qazanan ordumuz bu gün dövlətimizin qüdrətinin nümunəsi, xalqımızın şərəf və iftixar mənbəyidir.
Sonda rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna və qazandığı möhtəşəm qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.












