“Şahin” hərbi-idman oyununun rayon mərhələsi baş tutub
Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Göygöl rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Gənclər və İdman, Müdafiə, Elm və Təhsil, Fövqəladə Hallar nazirlikləri, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən birgə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Yarış məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və ləyaqət ruhunda tərbiyə olunması, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının artırılması məqsədilə təşkil edilib.
“N” saylı hərbi hissədə keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər ordumuzdakı yüksək ruh yüksəkliyindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı qələbədən bəhs edərək bu cür oyunların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və hərbi-fiziki hazırlığının inkişafında mühüm rol oynadığını vurğulayıb, iştirakçılara müvəffəqiyyətlər arzu ediblər.
Rayon birinciliyində 7 mərhələ üzrə 20 tam orta ümumtəhsil məktəbinin komandası iştirak edib. Üçtəpə kənd tam orta məktəbinin komandası yarışın qalibi olaraq zona mərhələsinə vəsiqə qazanıb. II yeri Xəqani kənd tam orta məktəbinin, III yeri isə şəhər 1 nömrəli tam orta məktəbin komandası tutub.












