RİH başçısı şəhid övladı Aydan Hüseyinova ilə görüşüb
24 iyun 2026 | 16:31
Göygöl RİHB-sı Vətən Müharibəsi şəhidi Elbrus Hüseyinovun övladı, Göygöl “İrəvan” İdman Klubunun idmançısı Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilmiş taekvando üzrə Avropa çempionatında qalib olmuş Aydan Hüseyinova, məşqçi Elvarə Cəlilova, Klubun rəhbəri Fəxri Cəfərov və valideyn Pərvanə Hüseyinova ilə görüşüb.
Görüş zamanı gənc idmançımızın əldə etdiyi yüksək nailiyyətlərdən danışılıb, onun beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edərək Azərbaycan bayrağını yüksəklərə qaldırmasının qürurverici olduğu vurğulanıb. Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edərək, şəhid övladlarının uğurlarının cəmiyyət üçün nümunə olduğunu bildirib.
Aydan Hüseyinova və onun valideyni Pərvanə Hüseyinova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edərək, bundan sonra da ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmək üçün səylərini davam etdirəcəklərini bildiriblər.
Səmimi söhbət şəraitində keçən görüşdə gənc idmançının gələcək hədəfləri və idman karyerası ətrafında fikir mübadiləsi aparılıb.
Sonda şəhid övladı, Avropa çempionu Aydan Hüseyinovaya Təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilərək, gələcək fəaliyyətində uğurlar arzulanıb, daima bayrağımızı yüksəklərdə dalğalandırması və yeni nailiyyətlər qazanması dilənilib.












