Qurban bayramına hazırlıqla bağlı yığıncaq
14 may 2026 | 17:12
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramının rayonda təhlükəsiz və sanitar qaydalara uyğun şəkildə təşkili məqsədilə yığıncaq keçirilib. Yığıncaqda Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti dövlət qurumlarının nümayəndələri, həmçinin İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Bayram günlərində heyvanların satışı və kəsiminin təşkili, qanunsuz fəaliyyətlərin qarşısının alınması, eləcə də ictimai sağlamlığın qorunması məsələləri müzakirə olunub.
Müvafiq qurumlara baytarlıq nəzarətinin gücləndirilməsi, satış və kəsimin yalnız müəyyən olunmuş yerlərdə həyata keçirilməsi, qanunsuz halların qarşısının alınması, tullantıların vaxtında daşınması və dezinfeksiya işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.
Qeyd olunub ki, görülən tədbirlər Qurban bayramı günlərində əhalinin rahatlığının və sanitar təhlükəsizliyin təmin edilməsinə xidmət edir.












