Növbəti sosial yardım aksiyası təşkil olunub
“AzerGold” QSC-nin təşəbbüsü ilə Ramazan və Novruz bayramları münasibətilə növbəti sosial məsuliyyət layihəsi reallaşdırılıb. Şirkət tərəfindən təşkil olunan aksiya çərçivəsində Göygöl və Daşkəsən rayonları ərazisində hasilat və istehsal fəaliyyəti aparılan mədənlərin ətrafında yerləşən yaşayış məntəqələrində yaşayan ailələrə bayram sovqatları təqdim edilib. Göygöl Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən aksiyada ümumilikdə 400-ə yaxın ailə əhatə olunub.
Təşəbbüsün əsas məqsədi bayram günlərində yerli icmalara dəstək göstərmək, sosial rifahın yüksəldilməsinə töhfə vermək və şirkətin fəaliyyət göstərdiyi bölgələrdə yaşayan əhali ilə həmrəyliyi gücləndirməkdir.
Cari ildə fəaliyyətinin 10 illiyini qeyd edən “AzerGold” QSC bundan sonra da ənənəvi olaraq dövlətin sosial yönümlü proqramlarına dəstəyini davam etdirməyi, fəaliyyət göstərdiyi regionlarda müxtəlif sosial layihələrin icrası ilə icmaların inkişafına töhfə verməyi planlaşdırır.












