“Meydandan arenaya” adlı atletika layihəsi
27 oktyabr 2026 | 17:00
Göygöl rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Göygöl rayonundakı Heydər Əliyev parkında atletika idman növü üzrə “Meydandan arenaya” adlı tədbir keçirilib.
Keçirilmiş tədbirdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, RİHB Aparatının sektor müdiri Həmid Nəsirov, RGİ sektorunun müdiri Zaur Abbasov, Atletika Federasiyasının Gəncə şəhəri üzrə nümayəndəsi Faiq Əsədov və rayon gəncləri iştirak ediblər.
Layihə çərçivəsində uşaqlar və yeniyetmələr qaçış, maneələri dəf etmə, çeviklik və koordinasiya hərəkətləri, məsafəyə top atma, eləcə də komanda şəklində kəndirçəkmə kimi müxtəlif idman fəaliyyətlərində iştirak ediblər. Əyləncəli və interaktiv idman hərəkətləri iştirakçılarda böyük maraq yaradıb, onların fiziki fəallığının və komanda ruhunun inkişafına töhfə verib.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqları və yeniyetmələri idmana cəlb etmək, atletika idman növünə marağı artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və sağlam həyat tərzini təşviq etmək olub.












