Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirici görüş keçirilib

10 aprel 2026 | 17:27
       Rayon Polis Şöbəsinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonu Şəhriyar kənd tam orta ümumtəhsil məktəbində “Erkən nikah” və “Narkomaniyanın fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə çıxış edən rayon RPŞ-nin rəisi polis polkovniki Şəmşir Kazımov bu problemlərin gənclərin sağlam inkişafına mənfi təsirlərindən bəhs edərək qarşısının alınmasında ailə, məktəb və cəmiyyətin birgə rolunun vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, erkən nikah hallarının qarşısının alınması üçün valideynlərin maarifləndirilməsi, məktəblərdə mütəmadi təbliğat işlərinin aparılması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması vacibdir. Narkomaniyanın isə cəmiyyət üçün böyük təhlükə mənbəyi olduğunu bildirərək gəncləri zərərli vərdişlərdən uzaq durmağı, sağlam həyat tərzi seçməyi tövsiyə edib.
       Çıxış edən digər natiqlər erkən nikahın sosial və psixoloji fəsadlarından, eləcə də narkomaniyanın insan sağlamlığına və cəmiyyətin inkişafına vurduğu ciddi zərərlərdən ətraflı bəhs edərək  bu kimi halların qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və valideyn nəzarətinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Eyni zamanda vurğulanıb ki, hər bir gənc öz gələcəyinə məsuliyyətlə yanaşmalı, zərərli vərdişlərdən uzaq durmalı və sağlam, savadlı bir cəmiyyətin formalaşmasına töhfə verməlidir.
       Görüş çərçivəsində iştirakçılarla açıq müzakirələr aparılıb, suallar cavablandırılaraq tövsiyələr verilib.
       Sonda videoçarx təqdim olunub.
Keçidlər