İdman klubunun fəaliyyəti ilə tanışlıq
25 noyabr 2026 | 12:03
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Aşihara Karate İdman Klubunda olub, klubun fəaliyyəti, məşq prosesi və idmançılar üçün yaradılmış şəraitlə tanış olub.
Tanışlıq zamanı klubun rəhbəri Cavid Əsgərov tərəfindən məşqlərin təşkili, idmançıların yerli və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər barədə ətraflı məlumat verilib. Xüsusilə idmançıların müxtəlif səviyyəli yarışlarda əldə etdikləri uğurlar, qazandıqları medallar və yüksək nəticələr qeyd olunub.
Rayon rəhbəri idmanın inkişafının, gənclərin sağlam həyat tərzinə cəlb edilməsinin, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinin dövlət gənclər və idman siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizdə idmanın inkişafına Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğının, bu sahədə yaradılan geniş imkanların idmançılarımızın beynəlxalq arenalarda uğurlar qazanmasına mühüm töhfə verdiyini bildirib. Həmçinin idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, gələcək yarışlarda onlara yeni uğurlar arzulayıb.
Sonda idmançılarla xatirə fotosu çəkdirilib.












