“Heydər Əliyev məktəbi" layihəsinə start verilib
03 iyun 2026 | 16:55
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl rayonu Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev məktəbi” layihəsinə start verilib.
Layihənin açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdir müavini Rafael Gülməmmədov, YAP Gəncə şəhər və Göygöl rayon təşkilatlarının sədrləri, partiya fəalları və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin əhəmiyyətindən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsindən, eləcə də gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan bəhs edərək qeyd olunub ki, layihənin məqsədi gənclərə Heydər Əliyev irsini daha yaxından tanıtmaq, onlarda vətənpərvərlik ruhunun, liderlik bacarıqlarının və ictimai fəallığın artırılmasına töhfə verməkdən ibarətdir.
Həmçinin layihə çərçivəsində gənclər üçün dəyirmi masalar, maarifləndirici görüşlər, intellektual oyunlar, ekskursiyalar və müxtəlif sosial-mədəni tədbirlər təşkil ediləcəyi bildirilib.












