Göygöllü şəhid ailələri Şuşada
28 sentyabr 2026 | 15:43
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “AzərGold” QSC-nin dəstəyi ilə 27 sentyabr – Anım Günü ərəfəsində şəhid ailələrinin Şuşa şəhərinə səfəri təşkil olunub. Səfərdə 40-a yaxın şəhid ailəsi üzvü iştirak edib.
Səfər çərçivəsində şəhid ailələri Şuşanın zəngin tarixi, mədəni və memarlıq irsi ilə tanış olub, şəhərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini yaxından izləyiblər. İştirakçılar Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natavanın güllələnmiş büstlərini, Yuxarı Gövhər Ağa Məscidini, Şuşa qalasını, İsa bulağını və digər tarixi-mədəni abidələri ziyarət ediblər.
Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını və göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.












