Göygöldə “Qəhvəyi mərmər bağacığı”na və “Amerika ağ kəpənəyi”nə qarşı növbəti tədbir keçirilib
02 sentyabr 2026 | 17:45
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən tədbirdə Gəncə və Naftalan şəhər, Göygöl, Samux, Goranboy və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzlərinin məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər.
İclasda zərərvericinin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması məqsədilə respublikanın müxtəlif bölgələrində mütəmadi monitorinqlər aparılır, aşkar olunmuş ərazilərdə mübarizə və nəzarət tədbirləri görülür. Mübarizə tədbirlərinin kompleks və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyəti təmin edilir, məlumat mübadiləsinin operativ təşkili və görülən tədbirlərin nəticələri mütəmadi qiymətləndirilir.












