Göygöldə məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib
22 may 2026 | 17:15
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl rayonunda məişət zorakılığının qarşısının alınması mövzusunda monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün təlim keçirilib. Tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, eləcə də Gəncə və Naftalan şəhər, Göygöl, Goranboy Samux və Daşkəsən rayonlarının nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, yerli icra hakimiyyətlərində yaradılmış monitorinq və əlaqələndirmə qruplarının zorakılıqla mübarizə sahəsində öz fəaliyyətlərini həyata keçirən zaman müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb.
Təlimdə İHB-nın müavinlərinin çıxışları dinlənilib, fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib, iştirakçılara bukletlər təqdim edilib.












