Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə ağacəkmə aksiyası keçirilib

22 aprel 2026 | 12:02
        “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Pasha Holding”in dəstəyi, Göygöl Rayon İcra Hakimiyyətinin və Qırmızı Ürəklər Fondunun birgə təşkilatçılığı ilə Göygöl şəhərində “Qəhrəmanlar bağı” layihəsi həyata keçirilib.
        2021-ci ildən etibarən Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən layihə I və II Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin əbədiləşdirilməsini hədəfləyir. Layihə çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında şəhidlərin sayına uyğun olaraq ağaclar əkilir. Bu təşəbbüs eyni zamanda ekoloji mühitinin qorunmasına və yaşıllaşdırılmasına töhfə vermək məqsədi daşıyır.
        Göygöl rayonunda təşkil olunan aksiya çərçivəsində rayon üzrə şəhidlərin xatirəsinə onların sayı qədər 175 ədəd eldar şamı ağacı əkilib.
        Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, ağsaqqallar, könüllülər, həmçinin “Kapital Bank”ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər.
Keçidlər