Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi həyata keçirilib

08 sentyabr 2025 | 18:55
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Göygöl gənclərinin iştirakı ilə uğurla həyata keçirilib. 1-5 sentyabr tarixlərində həyata keçirilən layihə yüzlərlə gəncin bilik, bacarıq və liderlik potensialının inkişafına, onların milli dəyərlərə bağlılığının gücləndirilməsinə mühüm töhfə verib.
Azərbaycan Prezidenti tərəfindən elan olunmuş 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılan “Səyyar Gənclər Xidməti” layihəsi dövlətimizin əldə etdiyi tarixi Zəfərin, suverenliyimizin bərpasının və müstəqilliyimizin mahiyyətinin gənc nəsil arasında geniş şəkildə təbliğini hədəfləyir. Layihənin məqsədi, həmçinin gənclərin Vətənə sadiq, dövlətçilik ənənələrinə bağlı və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına dəstək göstərmək, eyni zamanda, dövlət gənclər siyasəti çərçivəsində təqdim edilən imkanların və həyata keçirilən təşəbbüslərin bölgə gəncləri üçün daha geniş şəkildə əlçatanlığını təmin etməkdir.
“Səyyar Gənclər Xidməti” layihəsinin Göygöldəki açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxışlarında layihənin dövlətçilik dəyərlərinin qorunması, gənclərin vətənpərvərlik şüurunun gücləndirilməsi və sosial bacarıqlarının artırılması istiqamətində əhəmiyyətli rol oynadığını vurğulayıblar.
Layihə müddətində açıq hava şəraitində iştirakçılar üçün Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də Göygöl Peşə Məktəbi ilə tərəfdaşlıq çərçivəsində maarifləndirici təlimlər təşkil edilib. Həmçinin peşəkar təlimçilər tərəfindən gənclərə ixtisas seçimi, şəxsi və karyera inkişafı, könüllülük fəaliyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularında sessiyalar keçirilib.
Bununla yanaşı, gənclər “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı müxtəlif zonalarda yaradıcılıq bacarıqlarını və intellektual potensiallarını inkişaf etdirən interaktiv fəaliyyətlərə yönəlmiş vörkşoplarda, master-klaslarda, intellektual oyunlarda, sərgilərdə fəal iştirak ediblər. Komanda işinə əsaslanan fəaliyyətlər, müxtəlif stolüstü oyunlar və digər interaktiv proqramlar gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsinə şərait yaratmaqla yanaşı, onların şəbəkələşmə imkanlarını genişləndirib, ünsiyyət bacarıqlarının möhkəmlənməsinə dəstək olub. Tədbirin sonunda fəallığı ilə seçilən gənclərə motivasiyaedici hədiyyələr təqdim edilib.
Keçidlər