Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda aqrar sektorun inkişafı diqqət mərkəzindədir

12 sentyabr 2026 | 11:22
       Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aqrar sektorun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi vəzifələr Göygöl rayonunda ardıcıl şəkildə icra olunur.
       Bu çərçivədə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Prezident Administrasiyasının məsul əməkdaşı Ziya Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə sahibkarların təşəbbüsləri və görülən işlərlə tanış olublar.
       Səfər çərçivəsində ərzaqlıq buğda istehsalının artırılması istiqamətində həyata keçirilən layihələrə, moruqçuluq və heyvandarlıq təsərrüfatlarına  baxış keçirilib. Sahibkar Rafail Mustafayev 250 hektar sahədə 1375 ton məhsul, yəni hər hektardan 60 sentner buğda əldə etməyi hədəfləyir. 50 hektar sahədə artıq şum işləri aparılıb. Digər sahibkar Taleh Hüseynov isə 200 hektar sahədə 1000 ton buğda istehsal etməyi və 2 pivot suvarma sistemi quraşdırmağı planlaşdırır. Bu təsərrüfatda da 50 hektar sahədə şum işləri görülüb və hazırlıq tədbirləri davam etdirilir.
       Rayonda intensiv moruqçuluğun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. Qoşqar Rzayev 6 hektar, Fuad Zalov isə 8 hektar intensiv moruqçuluq təsərrüfatı yaratmış və damcı suvarma sistemi quraşdırılmışdır. Hər iki təsərrüfatda əlavə torpaq sahələri alınaraq təsərrüfatın genişləndirilməsi nəzərdə tutulub.
       Heyvandarlıq sahəsində də istehsalın artırılmasına yönəlmiş layihələr diqqət çəkir. Bəhruz Mustafa Avstriyadan 100 baş Simmental cinsli ətlik heyvan gətirməyi planlaşdırır. Layihənin həyata keçirilməsi nəticəsində ət istehsalının 37 ton artacağı gözlənilir. Yaşar Məmmədzadə isə Almaniyadan  Holşteyn-Friz cinsli südlük heyvan alacaq və bununla süd istehsalının 390 min litr artırılması nəzərdə tutulur. Hazırda hər iki təsərrüfatda heyvanların alınması ilə bağlı araşdırmalar aparılır. İşlər 2026-cı ilin avqustunda başlanıb və 2028-ci ilin dekabrında başa çatdırılması planlaşdırılır.
       Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanılıb, təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
       Göygöl rayonunun aqrar potensialından daha səmərəli istifadə edilməsi, ərzaqlıq buğda istehsalının artırılması, intensiv moruqçuluğun genişləndirilməsi və heyvandarlığın inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
       Tədbirin davamı olaraq Rayon İcra Hakimiyyətinin  inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Əlaqələndimə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.
Keçidlər