Göygöl rayonunda 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
10 noyabr 2025 | 07:50
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən silsilə tədbirlər çərçivəsində Göygöl rayon Dövlət Rəmzləri Muzeyində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Bayrağının tarixi və onun müstəqil və suveren Azərbaycan üçün əhəmiyyəti barədə çıxışlar dinlənilib. Çıxış edənlər qeyd ediblər ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin müstəqilliyinin, hüquqi dövlətçilik ənənələrinin və milli rəmzlərimizin daha dərindən təbliği baxımından mühüm hadisədir. Tədbirdə iştirakçılara Azərbaycan bayrağının yaranma tarixi, rənglərinin və ay-ulduz simvolunun mənası, həmçinin dövlət rəmzlərinin qorunması və təbliği istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib və bildirilib ki, bu gün Azərbaycan bayrağı bütöv, müstəqil və suveren Azərbaycanın üzərində qürurla dalğalanır.
Sonra bayraq mövzusunda şagirdlərinin şerləri dinlənilib və iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar. Tədbirin yekununda Bayraq Meydanında şagirdlərin təqdimatında fleşmob təqdim olunub.
Bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması və dövlət rəmzlərinə hörmətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.












