Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd edilib

18 oktyabr 2025 | 12:40
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə “Müstəqilliyin Bərpası: Suveren Dövlətin Hüquqi Təməli” mövzusunda dəyirmi masa təşkil olunub. Rayon Gənclər Evində keçirilən tədbirdə RİHB müavini Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, təhsil və mədəniyyət işçiləri, ziyalılar, şəhid ailələri, qazilər, YAP fəalları, gənclər və QHT nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ardınca Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə 1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın tarixi əhəmiyyəti geniş şəkildə müzakirə olunmuş, bu sənədin ölkəmizin müstəqil, suveren və demokratik dövlət kimi formalaşmasında mühüm hüquqi baza rolunu oynaması xüsusi vurğulanmışdır.
Çıxış edən natiqlər qeyd etdilər ki, xalqımızın müstəqillik arzusu, milli azadlıq ideyası əsrlər boyu yaşasa da, yalnız 1991-ci ildə reallığa çevrildi. Lakin həmin dövrdə ölkədə mövcud olan siyasi qeyri-sabitlik və idarəolunmazlıq müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasını, möhkəmləndirilməsini və beynəlxalq aləmdə tanınmasını təmin etdi. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz müstəqil dövlət kimi inkişaf yoluna çıxdı, sabitlik bərqərar oldu, hüquqi dövlət quruculuğunun təməli qoyuldu. Prezident cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilərək Azərbaycan bu gün regionda və dünyada söz sahibi olan qüdrətli, müasir, hüquqi və sosial dövlətə çevrilmişdir. 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən Böyük Qələbə isə dövlət müstəqilliyimizin ərazi bütövlüyü ilə tamamlanmasının parlaq təzahürüdür.
Dəyirmi masa çərçivəsində müstəqilliyimizin hüquqi əsaslarının, tarixi təməllərinin, eləcə də bugünkü inkişaf dinamikasının dərin təhlili aparılmış, gənc nəsildə dövlətçilik şüurunun möhkəmləndirilməsi baxımından bu cür tədbirlərin önəmi xüsusi qeyd olunmuşdur.
Tədbir çərçivəsində Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək qrupunun üzvlərinin müstəqillik mövzusunda hazırladıqları əl işlərinə baxış keçirilib, onların nümunəvi ədəbi-bədii çıxışları dinlənilib, həmçinin “İrəvan” rəqs qrupunun kompozisiyası təqdim olunub. Şagirdlərin çıxışları və yaradıcılığı müstəqillik ideyalarının gənc nəslə aşılanması baxımından yüksək qiymətləndirilib.
Yekunda bir qrup fəal rayon gəncinə Təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.
 
 
 
 
 
 
 
Keçidlər