Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev 9-cü siniflər üçün keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərlə görüşüb
04 sentyabr 2025 | 15:36
Görüşdə 2024–2025-ci tədris ili üzrə ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə keçirilmiş buraxılış imtahanlarında 250 və daha yuxarı bal toplayan şagirdlər, onların valideynləri, müəllimlər və məktəb direktorları iştirak ediblər. Tədbirin məqsədi yalnız təbrik deyil, həm də gənclərin uğurlarını qiymətləndirmək, onları daha böyük nailiyyətlərə təşviq etmək və bu istiqamətdə yeni motivasiya vermək olub.
Görüşü açıq elan edən Rayon İcra Hakimiyyətinin başçısı çıxışında bildirib ki, bu gün burada əyləşən gənclər artıq öz istedadları, çalışqanlıqları və nəticələri ilə sübut ediblər ki, onlar gələcəyin uğurlu tələbələri, alimləri, mühəndisləri və müəllimləridir. O qeyd edib ki, qazandıqları yüksək bal təkcə imtahan nəticəsi deyil, həm də düşüncə, iradə və məqsədli zəhmətin təzahürüdür. İcra başçısı şagirdləri çağırışlar dövründə fərqlənən gənclər kimi görmək istədiyini vurğulayıb və onları gələcəkdə rəqəmsal dünyaya, süni intellekt, elm, innovasiya və sosial təşəbbüslərə açıq olmaları üçün motivasiya edib. O, əlavə edib ki, XXI əsrin uğur açarı yalnız əzbər bilik deyil, həm də çevik düşüncə, yaradıcılıq və komanda ruhudur.
Görüş zamanı şagirdlər öz təəssüratlarını bölüşüb, arzularından və gələcəyə dair planlarından danışıblar. Müxtəlif məktəblərdən olan iştirakçılar uğur hekayələrini paylaşaraq bu mərhələyə qədərki hazırlıq prosesi barədə fikirlərini bölüşüblər. Onların çıxışları həm gənclərin özünəinamını, həm də ailə və müəllim dəstəyinin önəmini bir daha vurğulayıb.
Tədbirdə iştirak edən müəllimlər və valideynlər də çıxış edərək bu cür görüşlərin təhsildə motivasiya yaratmaq baxımından əhəmiyyətini qeyd etmiş, gənclərə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə etmişlər.
Görüşün sonunda buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdlərə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təşəkkürnamə təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.












