Şriftin ölçüsü :

Saytın rəngi :

Fermerlərlə panel müzakirəsi keçirilib

08 sentyabr 2026 | 12:24
        Göygöl Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə fermerlərlə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
        Paneldə fermer və sahibkarların aqrar sektorda qarşılaşdıqları məsələlər müzakirə edilib, dövlət dəstəyi alətləri ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
        Panel zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər diqqətə çatdırılıb. Proqram çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, resurslardan daha effektiv istifadə və sahələrin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
        Tədbirin rəsmi açılışında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər. Çıxışlarda aqrar sektorun inkişafı, fermer və sahibkarlar üçün yaradılan dövlət dəstəyi imkanları, innovativ texnologiyaların tətbiqi və regionlarda kənd təsərrüfatı istehsalının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
        Panel çərçivəsində bitkiçilik, balıqçılıq və akvakultura, heyvandarlıq və intensiv meyvə bağlarının inkişafı üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər bir istiqamət üzrə mövcud imkanlar, dövlət dəstəyi mexanizmləri, maliyyələşmə və sığorta alətləri, həmçinin fermerlərin təsərrüfat fəaliyyətində qarşılaşdıqları çətinliklər müzakirə olunub.
        Tədbirdə fermer və sahibkarların ünvanladığı suallar dövlət proqramının torpaq və suvarma, meyvə-tərəvəz, balıqçılıq işçi qrupunun üzvləri və digər iştirakçı qurumların nümayəndələri tərəfindən cavablandırılıb, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanması ilə bağlı tövsiyələr verilib.
        Səsləndirilən təklif və tövsiyələrin nəzərə alınması, dövlət dəstəyi imkanlarından səmərəli istifadə və aqrar sahədə innovativ yanaşmaların genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi qeyd olunub.
Keçidlər