Dövlət qulluğu sahəsində maarifləndirici tədbir keçirilib
19 iyun 2026 | 17:03
Göygöl Rayon İcra Hakimiyyətinin və Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması qaydaları və şərtləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə dövlət qulluqçuları və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan RİH-in Hüquq və kadr məsələləri sektorunun müdiri Həmid Nəsirov çıxışında bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələri Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət qulluğu sistemində şəffaflıq, səmərəlilik və insan resurslarının inkişafına xüsusi diqqət göstərilir. Dövlət qulluğu sahəsinə diqqətin nəticəsidir ki, dövlət qulluqçularının peşə bayramı ölkəmizdə 20 ildir rəsmi şəkildə qeyd edilir. Digər çıxış edənlər dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində mühüm işlər görüldüyünü vurğulayıblar.
Tədbirdə DİM-in Gəncə Regional bölməsinin əməkdaşı Sərxan Ağayev təqdimatla çıxış edərək dövlət qulluğunun mahiyyəti, qəbul şərtləri və qaydaları, keçirilən müsahibələr və test imtahanları haqqında ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, fikirləri dinlənilib.












