Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq yarışın təşkili müzakirə olunub

16 aprel 2026 | 16:38
       Aprelin 14-də “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının təşkilinə həsr olunmuş onlayn formatda iclas keçirilib. İclasda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxsləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, yarışın marşrutlarının keçəcəyi şəhər və rayonların icra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri iştirak ediblər.
       İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əvvəlki illərdə ölkəmizdə təşkil olunan velosiped yarışlarını xatırladaraq, 10-14 may tarixlərində təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı ilin idman təqvimində yer almasının mühüm bir hadisə olduğunu, aidiyyəti qurumların dəstəyi ilə bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
       Yarışın Təşkilat Komitəsinin sədri, iqtisadiyyat nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək bildirib ki, yarışa hazırlıq təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq gedir. 5 mərhələdən ibarət olan yarışa dünyanın 21 ölkəsindən 25 yüksək səviyyəli komandanın qatılacağı gözlənilir. Bakıda Sea Breeze-dən start götürəcək yarış iştirakçıları 5 gün ərzində ölkəmizin 21 şəhər və rayonunun ərazisindən keçərək 850 km məsafə qət edəcəklər və yekunda Xankəndi şəhərinin mərkəzi meydanında, Zəfər abidəsinin qarşısında finiş xəttini keçəcəklər.
       Yarışın bütün mərhələlərinin “Eurosport” və “CBC Sport” telekanalları vasitəsilə canlı yayımlanacağını vurğulayan Sahib Ələkbərov qeyd edib ki, bu, istedadlı gənc velosipedçilərin aşkarlanması və tanıtdırılması ilə bərabər, paytaxtımızın və bölgələrimizin heyrətamiz gözəllikləri, habelə işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işləri barədə məlumatların bütün dünyaya çatdırılmasına imkan verəcək.
       İclasda ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, müvafiq olaraq aidiyyəti üzrə tapşırıqlar verilibdir.
Keçidlər