“Beynəlxalq Ana Dili Günü” münasibəti ilə tədbir təşkil olunub
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Qızılca kənd tam orta ümumtəhsil məktəbində “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH-nin əməkdaşları, müəllimlər və şagirdlər iştirak edib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Çıxış edənlər Azərbaycan dilinin tarixi inkişaf yolundan bəhs edərək, ana dilimizin qorunmasının Ulu Öndər Heydər Əliyevin düşünülmüş dil siyasətinin nəticəsi olduğunu, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasını bildiriblər.
Məktəb şagirdləri Azərbaycan dilinin gözəlliyini və zənginliyini tərənnüm edən çıxışlar edərək ana dilinə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.












