“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiya təşkil edib
07 noyabr 2026 | 19:34
8 Noyabr – Zəfər Günü münasibətilə “AzerGold” QSC tərəfindən Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində sosial aksiya həyata keçirilib.
Aksiya çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, veteranlar, eləcə də sosial dəstəyə ehtiyacı olan aztəminatlı ailələr ziyarət olunub. Görüşlər zamanı ailələrə bayram təbrikləri çatdırılıb, ümumilikdə 150 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə yerli əhalinin sosial rifahının yaxşılaşdırılması və həssas əhali qruplarına dəstək göstərilməsi məqsədilə mütəmadi olaraq sosial layihələr və təşəbbüslər həyata keçirir.












