Şriftin ölçüsü :

Saytın rəngi :

Arxeoloji qazıntı sahəsinə baxış keçirilib

01 iyul 2026 | 12:35
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Göygöl rayonunun Topalhəsənli kəndi ərazisində yerləşən kurqanlarda aparılan arxeoloji qazıntı sahəsinə baxış keçirib.
        Səfər zamanı AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun təşkil etdiyi ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov tərəfindən aparılan tədqiqatların gedişi, əldə olunmuş elmi nəticələr və aşkar edilmiş arxeoloji materiallar barədə ətraflı məlumat verilib.
        Arxeoloji qazıntılar nəticəsində kurqanın müxtəlif tarixi mərhələlərdə dəfn məqsədilə istifadə edildiyi müəyyən edilmişdir. Tədqiqatlar göstərir ki, kurqanın ilkin dəfni Erkən Tunc dövrünə aid olub Kür-Araz mədəniyyətinin daşıyıcıları tərəfindən həyata keçirilmişdir. Sonrakı mərhələdə kurqan Son Tunc–Erkən Dəmir dövründə Xocalı-Gədəbəy mədəniyyətinə mənsub əhali tərəfindən yenidən istifadə olunmuş, burada yeni dəfn kompleksi formalaşdırılmışdır. Bundan əlavə, orta əsrlərdə kurqanda müsəlman dəfninin icra edilməsi abidənin uzun müddət ərzində sakral məkan kimi əhəmiyyətini qoruyub saxladığını göstərir.
        Bir kurqanda müxtəlif tarixi dövrlərə aid dəfn mərhələlərinin ardıcıl şəkildə izlənilməsi qədim cəmiyyətlərin dəfn adətlərinin, dini dünyagörüşünün və mədəni ənənələrinin tədqiqi baxımından xüsusi elmi əhəmiyyət daşıyır. Bu fakt eyni zamanda ərazidə minilliklər boyu yaşayışın və mədəni varisliyin mövcudluğunu təsdiq edən mühüm arxeoloji göstəricilərdən biridir.
        Görüş zamanı ərazidə yerləşən arxeoloji abidələrin mövcud vəziyyəti, onların mühafizəsi, elmi tədqiqatların genişləndirilməsi, habelə tarixi-mədəni irs nümunələrinin turizm potensialından səmərəli istifadə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
        RİHB-sı rayonun zəngin tarixi-mədəni irsinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayaraq arxeoloji tədqiqatların ardıcıl və sistemli şəkildə davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Eyni zamanda, rayon ərazisində yerləşən digər kurqan, nekropol və arxeoloji abidələrdə də elmi araşdırmaların genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Keçidlər