Abadlıq işləri davam etdirilir
14 may 2026 | 12:29
Göygöl rayonunda “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilən abadlıq layihəsi çərçivəsində kənd və qəsəbələrin infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam edir.
Gəncə–Toğanalı yolu boyunca yerləşən Qızılqaya qəsəbəsi, eləcə də Aşıqlı və Yeni Zod kəndlərini əhatə edən layihə çərçivəsində yaşayış evlərinin fasadları təmir olunur, dam örtükləri yenilənir, həyətyanı sahələr abadlaşdırılır və yaşıllıq zonaları bərpa edilir.
Eyni zamanda, müasir tələblərə uyğun ticarət köşkləri quraşdırılır, ictimai məkanlar yenilənir, küçə işıqlandırma sistemləri təkmilləşdirilir və yeni dayanacaqlar quraşdırılır.
Həyata keçirilən tədbirlər sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, ərazinin estetik görünüşünün artırılmasına və Göygöl rayonunun turizm potensialının gücləndirilməsinə xidmət edir.












