“31 mart-Azərbaycanlıların Soyqırımı Günü” anılıb
Göygöl Rayon İcra Hakimiyyətinin və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə RİH-nin məsul əməkdaşları, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, ziyalılar, şəhid ailə üzvləri, qazilər və gənclər iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər qeyd ediblər ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində öz mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə siyasətini həyata keçirmişlər. Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba və digər bölgələrdə minlərlə dinc azərbaycanlı amansızlıqla qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmışdır. Bu hadisələr xalqımıza qarşı yönəlmiş sistemli soyqırımı siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider tərəfindən 1998-ci ildə imzalanmış fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilmiş və bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün Möhtərəm Prezidentimiz tərəfindən aparılan siyasət nəticəsində tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülür. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncama əsasən ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirildi. Bu, mənfur erməni faşizminin ifşası və dünyaya tanıdılması istiqamətində xüsusi addım oldu. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. Ermənilərin törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı.
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində keçirilən tədbirdə həmçinin mövzuya həsr olunmuş video çarx təqdim olunub.












