“20 Sentyabr - Dövlət Suverenliyi Günü” qeyd edilib
20 sentyabr 2026 | 11:46
Göygöl Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Suveren hüquqlarla strateji hədəflərə doğru” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-in, idarə, müəssisə və təşkilatların əməkdaşları, müharibə iştiraçıları, ağsaqqallar, ziyalılar, gənclər iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən natiqlər bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Qeyd olunub ki, bu gün dövlətimiz öz milli maraqlarını əsas götürərək müstəqil siyasət həyata keçirir və qarşıya qoyulan strateji hədəflərə doğru inamla addımlayır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi inkişaf məkanına inteqrasiyası bu istiqamətdə əsas məsələlərdəndir.
Çıxışlarda dövlət suverenliyinin qorunmasının hər bir vətəndaşın üzərinə düşən məsuliyyət olduğu vurğulanaraq xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, dövlətçilik ənənələrinə sədaqətinin və milli-mənəvi dəyərlərə bağlılığının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda “20 sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.












