“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” münasibətilə tədbir keçirilib
17 oktyabr 2026 | 11:35
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə tədbir keçirilib.
Rayon Gənclər Evində keçirilən tədbirdə RİHB müavini Kəmalə İbrahimova, YAP rayon təşkilatının sədri Vüqar İsayev, idarə və müəssisələrin məsul əməkdaşları, ziyalılar, gənclər iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib,.
Çıxışlarda 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin mühüm tarixi hadisə olduğu vurğulanaraq qeyd edilib ki, Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Bildirildi ki, Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı.
Çıxış edən natiqlər həmçinin vurğuladılar ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti, diplomatik səyləri nəticəsində Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlamış, dövlətimizin suverenliyi və ərazi bütövlüyü təmin edilmişdir.
Tədbirdə “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş videoçarx təqdim edilib.












