1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili Günü qeyd olunub
01 avqust 2026 | 11:25
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzi kitabxana sisteminin oxu zalında keçirilən tədbirdə RİH-nin, mədəniyyət müəssisələrinin, Təhsil sektorunun, Gənclər evinin məsul əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edən natiqlər Azərbaycan dilinin xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsindəki mühüm rolundan bəhs edərək Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən ən qiymətli sərvətlərdən biri olduğunu qeyd ediblər. Bildirilib ki, qloballaşma şəraitində ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasət əvəzsiz əhəmiyyət daşıyır. Vurğulanıb ki, Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi mövqeyi möhkəmləndirilmiş, onun inkişafı və tətbiqinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Qeyd olunub ki, ana dilimizin qorunmasına xidmət edən bu siyasi xətt bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin bədii hissəsində məktəblilərin şeirlər səsləndirilib, “İrəvan” rəqs qrupunun çıxışı və Mədəniyyət mərkəzinin ifaçılarının musiqi nömrələri təqdim edilib.
Sonda 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili Gününə həsr olunmuş videoçarx nümayiş olunub.












