Mərkəzin fəaliyyəti ilə tanışlıq
Rayon İcra Hakimiyyətinin başçısı Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzi ilə tanış olub.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdülrəhmanov Mərkəzin elmi-praktiki fəaliyyəti, maddi-texniki bazası, eləcə də kənd təsərrüfatında tətbiq olunan müasir reproduktiv texnologiyalar barədə ətraflı məlumat verib, icra olunan layihələr, cari fəaliyyət istiqamətləri və perspektiv planları diqqətə çatdırıb.
Tanışlıq zamanı mərkəzin laboratoriya kompleksi, istehsalat və ferma sahələri, həmçinin mövcud infrastrukturu nümayiş etdirilib. Ölkədə ilk dəfə olaraq iribuynuzlu heyvanlar üzərində tətbiq edilən embrion transferi texnologiyası, bu texnologiyanın elmi əsasları və əldə olunan praktiki nəticələr barədə məlumat verilib.
Mərkəzin kənd təsərrüfatında məhsuldarlığın artırılması, genetik seleksiyanın təkmilləşdirilməsi və elmi yeniliklərin istehsalata inteqrasiyasına verdiyi töhfələr müsbət qiymətləndirilib.




