İstehsal müəssisəsi ilə tanışlıq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov və Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonun Quşqara kəndində yerləşən “Xanni-2017” müəssisəsinin istehsal prosesi ilə yerində tanış olmuşlar.
Müəssisənin rəhbəri məlumat verərək ölkənin ilk və tək əlcək istehsalçısı olduqlarını, istehsalda yüksək keyfiyyətli xammaldan istifadə olunduğunu vurğulayaraq, əlcəklərin beynəlxalq standartlara cavab verən avadanlıqlar vasitəsilə istehsal edildiyini bildirmişdir. Uyğunluq sertifikatı almış məhsulların, müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə tam cavab verdiyini, həmçinin daxili bazarda məhsullarının satışını həyata keçirməklə yanaşı, beynəlxalq arenaya da çıxmağa nail olan müəssisə 2018-ci ildən Qazaxıstan, Gürcüstan və Rusiya şirkətləri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
Ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin və yaradılan əlverişli biznes mühitinin onların fəaliyyətinə mühüm töhfə verdiyini qeyd edərək, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.




