Göygöl rayonunda “Hüquq və Suverenlik” düşərgəsi uğurla başa çatıb
25 октября 2025 | 11:50
Göygöl Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə təşkil olunan “Hüquq və Suverenlik” düşərgəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Rəsmi açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəmilə Rzayeva, Gənclər Fondunun şöbə müdiri Nail Şükürov və ATGTİ-nin sədri Rəşad Zeynalov iştirak ediblər. Çıxış edənlər ölkə rəhbərliyinin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də onların dövlətin hüquqi-siyasi həyatında fəallığının artırılmasının əhəmiyyətindən danışıblar.
Düşərgədə “Suverenlik məktəbi: Heydər Əliyev və Azərbaycançılıq fikri” adlı ideoloji sessiya, “Qanunun gücü: Dövlətə və cəmiyyətə xidmət” adlı panel müzakirəsi, “Məsuliyyətli liderlik: Hüquqdan idarəçiliyə” və “Hüquqi nitq və arqumentasiya bacarıqları” adlı təlimlər, “Enercayzer” və “Suveren Zəka” adlı intellektual yarışlar, “Live Constitution Game” adlı interaktiv oyun və “Məhkəmə Simulyasiyası” adlı praktiki məşğələ təşkil olunmuşdur.
Düşərgənin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, onların vətəndaşlıq və hüquq məsələlərinə dair məlumatlandırılması, eləcə də dövlətə və cəmiyyətə qarşı məsuliyyət hissinin dərinləşdirilməsinə şərait yaratmaq olub. Layihə çərçivəsində iştirakçılar hüququn əsas prinsipləri, qanunun aliliyi, vətəndaş hüquq və azadlıqlarının qorunması, həmçinin dövlət suverenliyinin təmin olunmasında fərdi məsuliyyətin rolu barədə ətraflı məlumatlar əldə ediblər.
Proqramın sonunda iştirakçılar üçün Göygöl şəhərinə ekskursiya təşkil olunub. Onlar bölgənin tarixi və təbiət gözəllikləri ilə tanış olublar.




