Göygöl Rayon İcra Hakimiyyətində məktəb rəhbərləri ilə görüş keçirilib
22 октября 2025 | 15:04
Rayon İcra Hakimiyyətinin inzibati binasında "Məktəb–uşaq–valideyn münasibətləri və gənclər arasında artan zorakılıq hallarının qarşısının alınması" mövzusunda geniş miqyaslı görüş keçirilib. Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov, sektorun əməkdaşları, məktəb psixoloqları və təhsil işçiləri iştirak ediblər.
Görüşün əsas məqsədi məktəblərdə sağlam tədris mühitinin formalaşdırılması, şagirdlərin psixoloji rifahının təmin olunması, ailə və məktəb arasında əlaqələrin gücləndirilməsi, eləcə də gənclər arasında müşahidə olunan zorakılıq hallarının səbəblərinin təhlil edilməsi və onların qarşısının alınmasına dair sistemli tədbirlərin müəyyən olunması olub.
Görüşü giriş sözü ilə açan RİH başçısı Elvin Paşayev qeyd edib ki, təhsil bizim dövlətimizin prioritet istiqamətlərindən biridir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllim nüfuzunun artırılması istiqamətində sistemli və davamlı işlər görülür. Lakin etiraf etməliyik ki, bu gün yalnız infrastruktur və dərs vəsaitləri ilə kifayətlənmək mümkün deyil. Çünki məktəb yalnız təhsil məkanı deyil, məktəb insan formalaşdırır, cəmiyyətin sabahını yetişdirir. Uşağın uğuru yalnız müəllimin verdiyi biliklə deyil, həm də ailədə aldığı tərbiyə, məktəbdə qazandığı dəyərlərlə birbaşa bağlıdır. Buna görə də məktəb, valideyn və şagird arasında sağlam əməkdaşlıq mühiti formalaşmalıdır. Məktəb rəhbərləri bu üçbucağın mərkəzində dayanır və bu münasibətlərin düzgün qurulmasında önəmli rol oynayır.
Görüşdə sıxış edən Rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov bildirib ki, son zamanlar istər məktəblərdə, istər məktəbdənkənar məkanlarda gənclər arasında fiziki qarşıdurmalar, psixoloji təzyiq, sosial şəbəkələrdə təhqir, eləcə də kiberbullinq kimi hallar artmaqdadır. Bu hadisələrin bəziləri artıq hüquq-mühafizə orqanlarının müdaxiləsini tələb edən səviyyəyə çatır. Bu, artıq sadəcə davranış yox, ictimai təhlükəsizlik və mənəvi tərbiyə məsələsidir. Belə halların qarşısını almaq üçün məktəbdaxili nəzarət, profilaktik tədbirlər və təbliğat işi gücləndirilməli, valideynlərlə real əməkdaşlıq olunmalıdır. Məktəb ərazisində müşahidə sistemləri və növbətçilik planları effektiv təşkil edilməlidir.
Rayon üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov çıxışında keçirilən görüşə görə rayon rəhbərliyinə təşəkkür etdi, hər bir məktəbdə sağlam psixoloji mühitin təmin olunmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirdi və təhsil alanların yeni intizam qaydalarını məktəb rəhbərlərinin nəzərinə çatdırdı.
Bu formatda keçirilən görüş bir daha sübut etdi ki, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi yalnız məktəbin və ya ailənin deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. İcra Hakimiyyəti bu məsələləri daim diqqətdə saxlayır və nəticəyönümlü işlərə önəm verir.




