Şriftin ölçüsü :

Saytın rəngi :

Apellyasiya şurası

Azərbaycan Respublikasının mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə


Göygöl Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yaradılması barədə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı


Göygöl Rayon İcra Hakimiyyətində yaradılmış Apellyasiya şurasının tərkibi barədə məlumat

 

 

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılsın.

2. “Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2016-cı il.

 

Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 3 fevral tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şurası (bundan sonra - Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə (bundan sonra - şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apelyasiya Şurasına verdiyi yazılı müraciəti başa düşülür.

1.4. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

1.5. Apelyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.

2. Apelyasiya Şurasının vəzifələri

2.0. Apelyasiya Şurasının vəzifələri aşağıdakılardan ibarətdir:

2.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etmək;

2.0.2. Apelyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

2.0.3. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə yerli icra hakimiyyəti orqanının başçısına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

2.0.4. fəaliyyəti zamanı öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

2.0.5. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

2.0.6. Apelyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;

2.0.7. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3. Apelyasiya Şurasının hüquqları

3.0. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, habelə hüquqi və fiziki şəxslərə sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;

3.0.2. şikayətlə müraciət etmiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərin vəzifəli şəxslərini, habelə digər əlaqəli şəxsləri Apelyasiya Şurasının iclaslarına dəvət etmək, onların iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

3.0.3. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərin vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;

3.0.4. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərin vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;

3.0.5. Apelyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

3.0.6. Apelyasiya Şurasının fəaliyyəti prosesində təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;

3.0.7. Apelyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

3.0.9. Apelyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

3.0.10. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Apelyasiya Şurasının fəaliyyətinin təşkili

4.1. Apelyasiya Şurasının tərkibi (sədri və digər altı üzvü) yerli icra hakimiyyəti orqanının rəhbəri tərəfindən təsdiq edilir. Apelyasiya Şurasının sədri yerli icra hakimiyyəti orqanının başçısının müavinlərindən biri olmalıdır.

4.2. Apelyasiya Şurasının sədri:

4.2.1. Apelyasiya Şurasının işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

4.2.2. Apelyasiya Şurasının adından çıxarılan qərarları və Apelyasiya Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.3. Apelyasiya Şurasının digər üzvlərinin, habelə Apelyasiya Şurasının Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanının rəhbərinə təqdimatlar (təkliflər) verir;

4.2.4. Apelyasiya Şurasının iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

4.2.5. Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

4.2.6. Apelyasiya Şurasını təmsil edir.

4.3. Apelyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Apelyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

4.3.3. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

4.3.4. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;

4.3.5. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar Apelyasiya Şurasının adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

4.3.6. Apelyasiya Şurasının iclaslarının protokollarını imzalamaq;

4.3.7. Apelyasiya Şurasının iclaslarında səs çoxluğu ilə qəbul edilmiş qərarlardan razı olmadıqda, həmin məsələlərin müzakirə edilməsi üçün yazılı şəkildə əsaslandırılmış rəylə yerli icra hakimiyyəti orqanının başçısına müraciət etmək;

4.3.8. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

4.3.9. Apelyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

4.3.10. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

4.4. Apelyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apelyasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) yaradılır. Katibliyin rəhbəri və tərkibi Apelyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında yerli icra hakimiyyəti orqanının başçısı tərəfindən təsdiq olunur.

4.5. Apelyasiya Şurasının hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

4.6. Katiblik:

4.6.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

4.6.2. Apelyasiya Şurasına daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 2 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün yerli icra hakimiyyəti orqanının başçısının aparatının aidiyyəti struktur bölməsinə, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, yanında olan qurumlarına və tabeliyində olan hüquqi şəxslərə müraciət edir;

4.6.3. bu Əsasnamənin 4.6.2-ci yarımbəndinə müvafiq olaraq yerli icra hakimiyyəti orqanının başçısının aparatının aidiyyəti struktur bölmələri, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, yanında olan qurumlar və tabeliyində olan hüquqi şəxslər tərəfindən təqdim edilmiş sənədlərin (materialların) tamlığını və zəruriliyini yoxladıqdan sonra toplanmış sənədləri (materialları) rəsmi şəkildə rəy verilməsi üçün Apelyasiya Şurasının sədrindən başqa digər üzvlərinə göndərir;

4.6.4. bu Əsasnamənin 4.7-ci bəndinə əsasən rəsmi şəkildə təqdim edilmiş rəyləri ümumiləşdirir və Apelyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apelyasiya Şurasının iclaslarını təşkil edir;

4.6.5. Apelyasiya Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Apelyasiya Şurasının üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış yazılı məlumat verir;

4.6.6. Apelyasiya Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Apelyasiya Şurasının üzvlərinə təqdim edir;

4.6.7. Apelyasiya Şurasının qərarlarının (rəylərinin, yazılı şəkildə verdiyi cavabların) layihəsini hazırlayır, baxılması və imzalanması üçün Apelyasiya Şurasının sədrinə təqdim edir;

4.6.8. Apelyasiya Şurasının qəbul etdiyi qərarlarının (rəylərin, yazılı şəkildə verdiyi cavabların) aidiyyəti üzrə göndərilməsini təmin edir;

4.6.9. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, icmallaşdırır və nəticəsi barədə Apelyasiya Şurasının sədrinə rüblük, yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

4.6.10. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı kütləvi informasiya vasitələri və yerli icra hakimiyyəti orqanının rəsmi internet saytı vasitəsilə yayır;

4.6.11. Apelyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın yerli icra hakimiyyəti orqanının rəsmi internet saytında yerləşdirilməsini və informasiyanın daim yenilənməsini təmin edir;

4.6.12. Apelyasiya Şurasının sədrinin göstərişlərini icra edir;

4.6.13. Apelyasiya Şurasının protokollarının və digər sənədlərin əsllərini saxlayır;

4.6.14. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

4.7. Bu Əsasnamənin 4.6.3-cü yarımbəndinə əsasən rəylər 2 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilmiş rəylər əsaslandırılmalı, həmin rəylərdə hər hansı bir məsələyə münasibət aydın və birmənalı şəkildə ifadə olunmalıdır.

5. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı formada tərtib edilir. Şikayətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir:

5.1.1. şikayət edən şəxsin VÖEN-i;

5.1.2. şikayətin predmeti üzrə bundan əvvəl yerli icra hakimiyyəti orqanına edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

5.1.3. şikayətin predmeti üzrə bundan əvvəl yerli icra hakimiyyəti orqanına müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar (müvafiq yerli icra hakimiyyəti orqanının qəbul etdiyi inzibati aktın adı, tarixi, nömrəsi, qısa məzmunu);

5.1.4. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

5.2. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin surəti şikayətə əlavə edilməklə) imzalanır.

5.3. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq olaraq nümayəndəlik, filial və idarələrin möhürü vurulur.

5.4. Şikayətin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətə əlavə edilir.

5.5. Yeli icra hakimiyyəti orqanının aidiyyəti struktur bölməsində baxılmadan birbaşa Apelyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması üçün aidiyyəti üzrə göndərilir.

5.6. Apelyasiya Şurasında baxılmış (və ya mahiyyəti üzrə baxılmamış) hər bir şikayət üzrə müraciəti etmiş şəxsə (şəxslərə) araşdırmanın nəticəsinə dair əsaslandırılmış qərar (və ya yazılı cavab) göndərilir.

6. Apelyasiya Şurasının iclaslarının keçirilməsi qaydası

6.1. Apelyasiya Şurasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.

6.2. Apelyasiya Şurasının iclasları ayda iki dəfədən az olmayaraq, zərurət yarandığı hallarda isə Apelyasiya Şurasının sədrinin razılığı ilə və ya yerli icra hakimiyyəti başçısının göstərişi ilə istənilən vaxt keçirilir.

6.3. Apelyasiya Şurasının hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Apelyasiya Şurasının sədri tərəfindən müəyyənləşdirilir.

6.4. Apelyasiya Şurasının iclaslarında Apelyasiya Şurasına şikayətlə müraciət etmiş şəxslər (onların səlahiyyətli nümayəndələri), yerli icra hakimiyyəti orqanının aidiyyəti vəzifəli şəxsləri, ekspert, mütəxəssis, tərcüməçi və digər əlaqəli şəxslər iştirak edə bilərlər.

6.5. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı bütün dəlillər Apelyasiya Şurasının üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.

6.6. Apelyasiya Şurasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apelyasiya Şurasının sədri həlledici səsə malikdir.

6.7. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Apelyasiya Şurasının sədri, Apelyasiya Şurasının Katibliyinin rəhbəri və ya Apelyasiya Şurasının digər üzvlərindən biri məruzə edir.

6.8. Apelyasiya Şurasının iclaslarında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya müvafiq qaydada təsdiq olunmuş surəti) Katibliyə təqdim edilməlidir.

6.9. Apelyasiya Şurasının iclaslarına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

6.10. Apelyasiya Şurasında baxılan şikayətlər barədə qəbul edilmiş qərarlar barədə məlumat Katiblik tərəfindən kütləvi informasiya vasitələri və yerli icra hakimiyyəti orqanının rəsmi internet saytı vasitəsilə yayılır.

6.11. Apelyasiya Şurasının iclaslarının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin video çəkilişi həyata keçirilir və ən azı bir il müddətində saxlanılır.

6.12. Apelyasiya Şurasının sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Apelyasiya Şurasının iclaslarında uzun müddət iştirak edə bilmədikdə, Apelyasiya Şurasının sədrinin səlahiyyətləri yerli icra hakimiyyəti orqanının başçısı tərəfindən müavinlərindən birinə həvalə edilir.

7. Apelyasiya Şurasının iclas protokollarına və

qəbul etdiyi qərarlarına dair tələblər

7.1. Apelyasiya Şurasının iclaslarının nəticəsi Apelyasiya Şurasının üzvləri və Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

7.2. Apelyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:

7.2.1. iclasın keçirildiyi tarix və yer;

7.2.2. iclasda iştirak edən Apelyasiya Şurasının üzvlərinin, Katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;

7.2.3. müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları;

7.2.4. müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

7.2.5. Apelyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;

7.2.6. Apelyasiya Şurasının daxil olmuş şikayətlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;

7.2.7. Apelyasiya Şurası tərəfindən qəbul edilmiş qərar.

7.3. Apelyasiya Şurası icraatına daxil olan şikayətlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

7.3.1. şikayət təmin edilir;

7.3.2. şikayət qismən təmin edilir;

7.3.3. şikayət təmin edilmir;

7.3.4. şikayətin mahiyyəti üzrə yeni qərar qəbul edilir.

7.4. Apelyasiya Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Apelyasiya Şurasının sədri tərəfindən imzalanmış qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

7.4.1. giriş hissəsində Apelyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, qərarı imzalayan Apelyasiya Şurasının sədrinin soyadı, adı, atasının adı, vəzifəsi, şikayətin predmeti və irəli sürülən tələblər;

7.4.2. təsviri hissəsində daxil olmuş şikayətlə müraciət etmiş şəxsin gətirdiyi əsas, şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;

7.4.3. əsaslandırıcı hissəsində Apelyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;

7.4.4. nəticə hissəsində Apelyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası.

7.5. Apelyasiya Şurasının sədri tərəfindən qəbul edilmiş qərarların (verilmiş yazılı cavabların) aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

7.6. Apelyasiya Şurasının icraatına daxil olan şikayət digər orqanın səlahiyyətlərinə aid olduğu halda, Apelyasiya Şurası şikayətin daxil olduğu vaxtdan ən geci 3 iş günü müddətində şikayəti və ona əlavə olunmuş sənədləri səlahiyyətli orqana göndərir və bu barədə şikayətçiyə yazılı şəkildə əsaslandırılmış məlumat verir.

Azərbaycan Respublikası

Göygöl Rayon İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

№  06                                                                                                        “10” fevral  2016-cı il

Göygöl Rayon İcra Hakimiyyətində Apellyasiya

Şurasının yaradılması haqqında

      Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İcra Hakimiyyətinin sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş yazılı müraciətlərə kollegial şəkildə baxmaq üçün “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə 

 

Q Ə R A R A     A L I R A M

 Göygöl rayonunda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İcra Hakimiyyətinin sərəncamından,  əmrindən, hərəkət və ya  hərəkətsizliyindən verilmiş yazılı müraciətlərə kollegial şəkildə baxmaq üçün aşağıdakı tərkibdən ibarət ictimai (ödənişsiz) əsaslarla  fəaliyyət göstərən Apellyasiya Şurası yaradılsın. 

 

Apellyasiya Şurasının sədri :

 

   Məmmədov Elşən Mirzə oğlu              -   Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısının
                                                                 müavini – sosial – iqtisadi  inkişafın  təhlili
                                                                 və proqnozlaşdırılması şöbəsinin müdiri;    

 

Apellyasiya Şurasının üzvləri:

          

            İsayev Vüqar Sabir oğlu              -  Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısı
                                                                        Aparatının ərazi idarəetmə və yerli
                                                                        özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

 

            Nəsirov Həmid Rauf oğlu      -   Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısı
                                                                           Aparatının  Hüquq şöbəsinin müdiri;

 

Hacıyev Vüqar Feyzulla oğlu       -  Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısı

                                                               Aparatının  Memarlıq və tikinti şöbəsinin
                                                               müdiri-baş memar;

 

Məmmədov İlqar Müseyib oğlu   -  Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısı
                                                              Aparatının  sosial – iqtisadi  inkişafın  təhlili  və
                                                              proqnozlaşdırılması şöbəsi müdirinin müavini;                                             

 

            Hüseynov vüqar İsax oğlu           -  Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısı
                                                                          Aparatının  İctimai-siyasi və humanitar
                                                                          məsələlər şöbəsinin baş məsləhətçisi;   

    

            Məmmədov Mirzə Bayraməli oğlu  - Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısının
                                                                           Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi 

 

2     Tapşırılsın Apellyasiya Şurasının sədrinə:

- Apellyasiya Şurasının fəaliyyətində Azərbaycan Respublikasının konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi əsasnamə”ni rəhbər tutsun;

- Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən rayonda fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərməsini təmin etsin;

-  Apellyasiya Şurasının fəaliyyətini qanunçuluq, şəffaflıq,kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qursun.

3     Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli tam və obyektiv araşdırmalar aparılaraq əsaslandırılmış qərarlar qəbul edilməsi və nəticəsi barədə Rayon İcra Hakimiyyətinin başçısına yarımillik və illik arayışlar (hesabatlar) təqdim olunması təmin  edilsin.

 

  Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı:                                        Arif Seyidov

 

Azərbaycan Respublikası

Göygöl Rayon İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

№  07                                                                                                        “11” fevral  2016-cı il

Göygöl Rayon İcra Hakimiyyətinin Apellyasiya şurasının 
tərkibinin təsdiq edilməsi haqqında
                                                                                

       Göygöl Rayon icra Hakimiyyətinin Apellyasiya Şurasının sədrinin  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral tarixli  Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin4-cü maddəsinin 4.2.3-cü bəndinə əsaslanıb   Apellyasiya Şurasının fəaliyyətini təşkil etmək məqsədi ilə yaradılacaq katibliyin tərkibi barədə  verdiyi təklifi nəzərə alaraq 


                                          Q Ə R A R A     A L I R A M:


1.  Göygöl Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının tərkibi aşağıdakı kimi
            təsdiq edilsin.

1.  Eyvazov Ariz Əlif oğlu        -  Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısı Aparatının
                                                        Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş
                                                        şöbəsinin müdiri (katibliyin rəhbəri) ; 

2. Kazımov Elmar Səməd oğlu  -  Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısı Aparatının
                                                            Hüquq şöbəsinin məsləhətçisi;

3. Hacıyeva Fəridə Oktay qızı   -  Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısı Aparatının
                                                           Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş
                                                           şöbəsinin məsləhətçisi.

2. Tapşırılsın katibliyin rəhbərinə, Apellyasiya Şurasına daxil olan şikayətlərlə
əlaqədar təşkilatı işlərin və  digər tədbirlərin “Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4-cü maddəsinin 4.6-cı bəndinə uyğun olaraq yerinə yetirilməsini təmin etsin.

Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı:                                        Arif Seyidov


Göygöl  Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının
və Şuranın Katibliyinin tərkibi haqqında

 

#
Soyadı, adı, atasının adı
Vəzifəsi
Əlaqə telefonu
Elektron poçt ünvanı
Apellyasiya Şurası 
1
Məmmədov Elşən Mirzə oğlu
sədr
02220-5-30-24
apellyasiya@goygol-ih.gov.az
2
İsayev Vüqar Sabir oğlu
üzv
02220-5-30-74
 
3
Məmmədov Ramin Vaqif oğlu
üzv
02220-5-24-00
 
4
Hacıyev Vüqar Feyzulla oğlu
üzv
02220-5-30-49
 
5
Məmmədov İlqar Müseyib oğlu
üzv
02220-5-31-39
 
6
Hüseynov Vüqar İsax oğlu
üzv
02220-5-44-42
 
7
Məmmədov Mirzə Bayraməli oğlu
üzv
02220-5-22-39
 
Şuranın Katibliyi
1
Eyvazov Ariz Əlif oğlu
katib
02220-5-30-14
 
2
Kazımov Elmar Səməd oğlu
tərkib
02220-5-24-00
 
3
Hacıyeva Fəridə Oktay qızı
tərkib
  02220-5-30-14  

 

 

Keçidlər