Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda çağırışçılar təntənəli şəkildə hərbi xidmətə yola salınıblar.

05 iyul 2021 | 16:00

Göygöl Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonu üzrə vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Qanunvericilikdə nəzərdə tutulmuş Silahlı Birləşmələrinə, habelə Xüsusi Birləşmələrə Həqiqi Hərbi Xidmətə yola salınma mərasimi keçirilib.
Çağırışçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Sonra isə çağırışçılar tibbi müayinədən  keçirildilər.
Çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, valideynlər, ağsaqqallar və mətbuat işçiləri iştirak ediblər.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev, çıxış edərək çağırışçıları hərbi xidmətə çağırış münasibəti ilə təbrik etdi və bu şərəfli yolda onlara xoş arzularını çatdırdı. Eyni zamanda qeyd etdi ki, Vətənin gücü onun yenilməz ordusundadır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğumuz bu gün  Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin  yüksək diqqət və qayğısı nəticəsində inkişaf etdirilir. Ordumuzun peşəkarlığı daha da artmış, Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunmuşdur.
Ermənistan ordusunun sentyabrın 27-də təxribat törədərək ölkəmizə qarşı hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistan ordusunu  darmadağın etdi. İşğalçı illər idi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin indiki Vətən savaşında səbir kasası daşan Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Əslində, işğalçı belə bir acı nəticəni gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifini yaradaraq əhalini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə darmadağın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.
Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır. Vətən borcunu ödəməyi ən böyük amalı olaraq qəbul edir.
Tədbirdə çıxış edən digər natiqlər də hərbi xidmətə yola düşən bütün çağırışçıları və onların valideynlərini təbrik edərək, çağırışçılara doğma vətənimizin müdafiəsi kimi bu şərəfli yolda uğurlar dilədilər.
Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert  proqramı ilə başa çatdı və çağırışçılar təşkil olunmuş xüsusi avtobuslarla yola salındılar.

 

Keçidlər