Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.

15 iyun 2021 | 16:00

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.
Ümummilli Lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası bu günkü müsair - müstəqil Azərbaycanımızın inkişaf və tərəqqi yolunun dayağıdır. Bu gün əldə edilən hər bir uğur, hər bir nailiyyət məhz bu tarixi salnamənin bariz nümunəsidir.
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Amma Ümummilli Liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi, müstəqilliyin qorunmasının, onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiq etdi. Çünki cəmi iki il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, xaos, anarxiya və Ermənistanın işğalçılıq siyasəti səbəbindən dərin uçuruma sürüklənməkdəydi. Bütövlükdə isə, dövlətlə xalq arasında yaranmış uçurum ölkəmizdə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarmışdı. Xalq təbii ki, ölkənin düşdüyü ağır vəziyyətdən-vətəndaş qarşıdurmasından xilas olmaq, dərinləşməkdə olan mövcud sosial-iqtisadi-siyasi böhrandan qurtulmaq istəyirdi. Bu Qurtuluşu isə Azərbaycan xalqına yalnız o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, sonradan xalqımızın Ümummilli Lideri statusunu qazanmış böyük dövlət xadimi, dünya şöhrətli siyasi xadim Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edə bilərdi. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı “Səs”qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərakatına rəhbərlik etməsi üçün müraciət etdi. Məhz bu səbəbdən Azərbaycan xalqı dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda yenidən o böyük şəxsiyyəti - Heydər Əliyevi qüdrətli xilaskar kimi siyasi hakimiyyətə dəvət etdi. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Məhz belə çox ağır bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Ulu Öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.
Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir və həmin model Onun layiqli davamçısı, siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əgər bu gün Azərbaycan dünya dövlətləri sırasında öz mühüm, əhəmiyyətli mövqeyini tutursa, bu Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının yaşaması, yaşadılmasıdır. Dövlət başçımız öz müdrik strategiyası, məqsədyönlü siyasəti ilə hər zaman öz xalqına arxalanıb, xalq isə Prezidentinə öz etimadını xalq-iqtidar vəhdəti ilə sübuta yetirməkdədir. Bütün bunların  isə, ən möhtəşəm təntənəsi dünya hərb tarixinə qızıl hərflərlə yazılmış, tariximizin qürur səhifəsi olan, Möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi zəkası, iradəsi, qətiyyəti və rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun  2-ci Qarabağ-44 günlük Vətən müharibəsində qazandığı  Şanlı Zəfəridir.
15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri, rayonun hüququ mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri  Ümummilli lider Heydər əliyevin heykəli önünə gül dəstələri qoyaraq hörmət və dərin ehtiramlarını bildiriblər.

Keçidlər