Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının işğaldan azad olunmasından 102 il ötür

15 sentyabr 2020 | 16:00

102 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.
Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi.
1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də bu hadisəni qeyd edir, şəhid əsgərlərin xatirəsini anır.
Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə- Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir.

Keçidlər