Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda çağırışçılar təntənəli şəkildə hərbi xidmətə yola salındılar

04 oktyabr 2018 | 16:00

Göygöl Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonu üzrə vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Qanunvericilikdə nəzərdə tutulmuş Silahlı Birləşmələrinə, habelə Xüsusi Birləşmələrə Həqiqi Hərbi Xidmətə yola salınma mərasimi keçirildi.
Çağırışçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Sonra isə çağırışçılar tibbi müayinədən  keçirildilər.
Çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, valideynlər, ağsaqqallar və mətbuat işçiləri iştirak etdilər.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin  başçısı Arif Seyidov çıxış edərək çağırışçıları hərbi xidmətə çağırış münasibəti ilə təbrik etdi və bu şərəfli yolda onlara xoş arzularını çatdırdı. Eyni zamanda qeyd olundu ki, vətənin gücü onun yenilməz ordusundadır. Azərbaycan ordusunun əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Tədbirdə çıxış edən digər natiqlər də hərbi xidmətə yola düşən bütün çağırışçıları və onların valideynlərini təbrik edərək, çağırışçılara doğma vətənimizin müdafiəsi kimi bu şərəfli yolda uğurlar dilədilər.
Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert  proqramı ilə başa çatdı və çağırışçılar təşkil olunmuş xüsusi avtobuslarla yola salındılar.

Keçidlər