Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl rayonunda regional müşavirə keçirildi

28 aprel 2017 | 16:00

Aprelin 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində “Dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları”  mövzusunda regional müşavirə keçirildi.
Dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy-Naftalan üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, DQİDK və hüquq-mühafizə orqanlarının yerli strukturlarının nümayəndələri, dindarlar iştirak etdilər.
   Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov müşavirədə çıxış edərək əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışdı, eyni zamanda qeyd etdi ki, dini ekstremizmə qarşı mübarizə sahəsində aidiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsi baxımından regional müşavirənin böyük əhəmiyyəti vardır.
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edərək qeyd etdi ki, dünyada din pərdəsi adı altında aparılan münaqişələr zamanı aparıcı güclər din  amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla onun gözdən salınmasına yönələn siyasət həyata keçirirlər. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır. Səyavuş Heydərov bildirdi ki, dünyanın belə böhranlı bir dövründə Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür. Bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətləri müşahidə olunur. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən mübarizə tədbirləri həyata keçirilir.
   Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev məruzələrində dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıblar.
   Regional müşavirə müzakirələrlə davam etdirildi.

Keçidlər