Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

23 fevral 2017 | 16:00

Göygöl şəhər Mədəniyyət mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların rayon təşkilatlarının, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, mətbuat işçiləri, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  məsul işçisi cənab Arif Novruzov iştirak etdilər. 
Yığıncaqda “Göygöl rayonunda 2016-cı ildə sosial-iqtisadi sahədə görülən işlərin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, 2016-cı ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi  olaraq   son  13  ildə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 54 xidmət, 186 istehsal, 3 emal obyektləri istifadəyə verilmişdir.
Ümumi məhsul istehsalı 3,4 dəfə, sənaye məhsulu istehsalı 1,5 dəfə, kənd təsərrüfatı istehsalı 2,6 dəfə, pərakəndə ticarətin dövriyyəsi 3,6 dəfə artmış,  8623-ü daimi olmaqla 12203, o cümlədən 2016-cı ildə 1740-ı daimi olmaqla 1884 iş yeri açılmışdır. 
2016-cı ildə 5 milyon 785,2 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 5 milyon 535,0 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 125 milyon 762,9 min manata çatmış, ondan 77 milyon 278,5 min manatı (61,4 %) istehsal sahələrini, 48 milyon 484,4 min manatı (38,6 %) xidmət sahələrini təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı 2016-cı ildə 2371 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 1 milyon 151,5 min manat yardım verilmiş, bu da kənd təsərrüfatı məhsullarının  istehsalına öz müsbət təsirini göstərmişdir.         
2016-cı ildə 45 milyon 722,5 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,4 %-i qeyri-dövlət sektorunun payına düşür.     
2017-ci ilin məhsulu üçün 8926,3 hektar sahədə payızlıq taxıl əkilmiş, bunun da 6647,6 hektarı buğdadır. 
2016-cı ildə əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində müsbət nəticələr əldə olunmuşdur. 
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2016-cı ildə elektrik təsərrüfatında 63,2 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılmış, 136 ədəd müxtəlif güc transformatorları təmir edilmiş, 15,5 km elektrik veriliş xətti çəkilmiş, qəza vəziyyətində olan 203 ədəd elektrik dayaqları və 8 ədəd müxtəlif güc transformatorları yenisi ilə əvəz olunmuşdur.
Göygöl şəhərində yerləşən 35/6 kV-luq “Göygöl-1” YS-da yenidən qurma işləri başa çataraq istismara verilmişdir.  
Rayonun Sarısu, Quşçu, Üçtəpə, Yeni Qızılca, Çaykənd, Mollacəlilli, Səmədli kəndlərində və Firuzabad qəsəbəsində hava elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunmasına başlanılmış, hazırda  2165 ədəd dayaq basdırılaraq 39,9 km uzunluğunda xətt çəkilmişdir. 
Əhali üzrə istehlak olunan elektrik enerjisinin həcmi 29 milyon 566,7 min kvt saat təşkil etmiş, ödəniş 98,9 % yerinə yetirilmişdir.  
Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 2015-ci ildən etibarən qaz təsərrüfatı olmayan Yeni Qızılca, Qızılca, Sərkərli, Haçaqaya kəndlərinin və Bəhrəmbağ qəsəbəsinin qazlaşdırılmasına başlanılmış, 111307 p/m uzunluğunda müxtəlif diametrli qaz xətti çəkilmiş, 900 ədəd sayğac quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.
Üçtəpə kəndinin yeni salınmış yaşayış massivində 95 təsərrüfatın qaşlaşdırılmasına başlanılmış və 1220 p/m uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilmişdir. Göygöl şəhərinin R.Nəsibov məhəlləsini təmin edən diametri 108 mm, 1100 p/m uzunluğunda olan daşıyıcı yeraltı qaz xəttinin korroziyaya uğrayan hissəsi dəyişdirilmişdir. Firuzabad qəsəbəsində küçə qaz xətləri sökülərək yenidən çəkilməsinə başlanılmış hazırda 650 p\m qaz xətləri bərpa olunmuşdur. Eyni zamanda rayonun qaz təchizatının yaxşılaşdırmaq məqsədilə Göygöl şəhərində və Qırıqlı kəndində 2 ədəd 500 m3 saat  gücündə daşıyıcı qaz xətlərinin üzərində müasir tipli qaz tənzimləyici avadanlıqları quraşdırılmışdır.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırmaq məqsədilə şəhərin Hummel, S.Hacıyev, M.Ə.Rəsulzadə, A.Kazımov, Vidadi, Abdulla Şaiq, Şıxəli Qurbanov küçələrinin Mollacəlilli, Yeni Zod, Göyçəkənd, Çaykənd, Aşıqlı kəndlərinin, Hacıməlik və Xanlar qəsəbələrinin su xətlərində təmir işləri aparılmış, Firuzabad qəsəbəsində əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə yeni su xətti çəkilmişdir. 
Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin təmirinə və tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq 2016-cı il ərzində 142,6 min manat həcmində təmir işləri görülmüş, maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə 22,8 min manat dəyərində avadanlıq,  89,1 min manat dəyərində bərk inventar, 86,5 min manat dəyərində müxtəlif çeşidli dərsliklər alınmış, 640 şagird yerlik Çaykənd kənd tam orta məktəbinin bir hissəsi, 230 şagird yerlik Qarabulaq kənd tam orta məktəbi, 180 şagird yerlik Mollacəlilli kənd tam orta məktəbi, 300 şagird yerlik 2 saylı Balçılı kənd tam orta məktəbi və 35 yerlik Şəhriyar kənd uşaq bağçası əsaslı təmir edilmiş, Mollacəlilli kənd tam orta məktəbində əlavə 100 yerlik 10 sinif otağı tikilmişdir. Hazırda 432 şagird yerlik Üçtəpə kənd tam orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilir.             
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi cənab Arif Novruzov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük layihələrin  həyata keçirildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı,  2016-cı il ərzində Göygöl rayonunda  geniş miqyaslı işlərin görüldüyünü qeyd etdi.   
Hesabat yığıncağı tənqid və özünütənqid şəraitində keçdi, sonda qarşıda duran vəzifələri əhatə edən qərar qəbul edildi, ölkə Rəhbərinə müraciət ünvanlandı və rayonun  ictimai-siyasi və mədəni həyatında və rayonda aparılan abadlıq-quruculuq işlərində fərqlənən bir qrup rayon sakininə fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.

Keçidlər