Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunun 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi

17 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olundu.
Müşavirədə  Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.        
İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirdi ki, oktyabrın  7-də Nazirlər Kabinetinin iclasında ilin doqquz ayına yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi sahədə vəziyyəti barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, cari ilin doqquz ayında dünya iqtisadiyyatında böhranlı vəziyyətin davam etməsinə, bütün ölkələrin böhrandan əziyyət çəkməsinə və neftin qiymətinin hələ də çox aşağı səviyyədə olmasına baxmayaraq, ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, apardığı düzgün islahatların və gələcəklə bağlı mükəmməl proqramların icrasının  nəticəsi olaraq  Azərbaycanın iqtisadiyyatı yüksələn xətlə inkişaf etmişdir. Ölkə iqtisadiyyatının artan templə inkişaf etməsi,  regionlarda da aparılan abadlıq-quruculuq işlərini sürətləndirmişdir.
2016-cı ilin 9 ayı ərzində Göygöl rayonunda sosial obyektlərin tikintisi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Rayonda 2016-cı ilin 9 ayı ərzində 1172 yeni iş yerləri açılmışdır ki, bunun da  1043-ü daimidir.
İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 104 milyon 403,3 min manat, ondan 61 milyon 441,8 min manatı (58,8 %) istehsal sahələrini, 42 milyon 961,5 min manatı (41,2 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 1669,1 manat dəyərində məhsul istehsal edilmişdir.
2016-cı ilin 9 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 232,5 min manat çox olmaqla 44 milyon 362,5 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da    99,6 %-i qeyri-dövlət sektorunun payına düşür.
Dövlət Proqramının icrası ilə bağlı Göygöl şəhərinin D.Qorqud, Həsən Bəy Zərdabi küçələrinə və kəsişməsinə, eyni zamanda R.Nəsibov məhəlləsinə 13439 kvm, səkilərə 4916 kvm, asfalt örtük salınmış, 1435 p/m su ötürücü arxlar və 183 p/m səki daşları düzülmüşdür. Göygöl şəhərinin küçələrində dağılmış asfalt hissələri frezlənmiş və yenidən 3412 m2 asfalt örtük salınaraq cari təmir işləri aparılmışdır. Eyni zamanda 15220 p/m səkilərin bordurları emulsiya ilə boyanmış, 30 km yol örtüyü isə yol boyası ilə rənglənmişdir.  Şəhərin R.Nəsibov və 21-ci məhəllələrində, Dadaş Bayamov küçəsində yerləşən çoxmənzilli binaların 12 ədədinin fasad hissəsi suvanaraq rənglənmiş, 4 binanın dam örtüyü dəyişdirilmiş, Göygöl şəhərində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 17 fərdi yaşayış evində təmir işləri aparılmışdır.
Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə Şəhriyar, Kərəmli, Qızılca, Nadil, Çaylı, Zurnabad, Göyçəkənd, Balçılı, Üçtəpə və Toğanalı kəndlərinin daxili yollarının 78,2 kilometri, Məcburi Köçkünlərin Sosial-İnkişaf fondu tərəfindən Mollacəlilli kəndində  7 kilometr, ümumilikdə 85,2 km kənddaxili yollara  çınqıl verilərək  təmir edilmişdir.  Eyni zamanda rayonun ən ucqar kəndi olan Tülallar avtomobil  yolu təmir olunmuşdur. 
Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinin tikintisi başa çatdırılmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi üçün inzibati binanın, müasir tipli otelin, Göygöl rayonunda yerləşən Azərbaycan Respublikası Süni mayalanma Mərkəzinin maddi texniki bazasını möhkəmləndirmək üçün müasir tələblərə cavab verən yeni  40 başlıq Kompleksin tikintisi davam etdirilir.
Şəhriyar kəndində Uşaq bağçası, 180 şagird yerlik Mollacəlilli kənd tam orta məktəbi, 640 şagird yerlik Çaykənd kənd tam orta məktəbinin bir hissəsi, 230 şagird yerlik Qarabulaq kənd tam orta məktəbi əsaslı təmir edilmiş, Mollacəlilli kənd tam orta məktəbində 100 şagird yerlik əlavə sinif otağı tikintisi və Mixaylovka klubu, kitabxanası, Göygöl Mərkəzi Rayon Xəstəxanası və Yeni Zod kənd həkim məntəqəsinin təmiri isə davam etdirilir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi  və bildirdi ki, rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər